Bakı. Trend:
Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun “Alpha News” mətbuat orqanına verdiyi müsahibəsində Azərbaycana münasibətdə ifadə etdiyi irqi ayrı seçkilik, böhtan və qərəzlə dolu fikirlərini sərt şəkildə qınayır.
Trend xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirib.
Bəyanatda vurğulanıb ki, T.Rusopulosun qaba, məsuliyyətsiz danışığı bir daha AŞPA-nın mənəvi iflasını göstərir.
“AŞPA regionda ən böyük insan hüquqları pozuntusu olan, bir
milyondan çox azərbaycanlının Ermənistan tərəfindən etnik
təmizləməyə məruz qalmasına biganə qalmışdır. Qurum özünün
anti-Azərbaycan mahiyyətini və Azərbaycan xalqına qarşı irqçi
yanaşmasını Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad
etməsindən sonra açıq şəkildə ortaya qoymuşdur.
Azərbaycanın Ermənistanın otuz illik işğala son qoymasına və
beləliklə 700 mindən artıq azərbaycanlı məcburi köçkünün öz
evlərinə qayıtması imkanı əldə etməsinə “kədərlənən”, Ermənistandan
qovulmuş yüz minlərdə azərbaycanlının qayıdış hüququna faktiki
olaraq qarşı çıxan Rusopulos kimi irqçilərin AŞPA-da təmsil
olunmaları insan hüquqları anlayışına təhqirdir.
Hazırda mövcud olan gərgin qlobal geosiyasi vəziyyətdə T.Rusopulos və onun düşüncəsində olanlara elə gəlir ki, dünya yalnız AŞPA-nın zalından ibarətdir, məsuliyyətsiz, boğazdan yuxarı danışır və “müstəsnalıqları”na inanırlar.
Qərbi Azərbaycan İcması Avropa ictimaiyyətinə və sağlam düşüncəli siyasi qüvvələrə müraciət edərək, Avropa qitəsində qarşıdurma, irqçilik yayan və kimə xidmət etdikləri bəlli olmayan bu ünsürlərə qarşı mübarizə aparmağa çağırır”, - deyə bəyanatda qeyd edilib.