...

"MÜSTƏQİL MEDİA-2005" SEÇKİ BLOKU MİTİNQ KEÇİRƏCƏK

Siyasət Materials 20 İyun 2005 14:50 (UTC +04:00)

"Müstəqil media-2005" seçki bloku da kütləvi aksiyalar keçirəcək. Bu barədə Trend ə blokda təmsil olunan "Üç nöqtə" qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı məlumat verib. O, bildirib ki, iyunun 20-də keçirilən blokun iclasında parlament seçkisində iştirak edən media nümayəndələrinin də mitinq keçirməsi təklif olunub. Bu təklif müzakirələr zamanı müsbət qarşılanıb və qərara alınıb ki, "Müstəqil media-2005" seçki bloku hazırlıq gördüyü parlament seçkisi ilə bağlı mitinq keçirsin. Aksiyanın vaxtı, yeri və digər texniki məsələlər blokun gələn həftə keçiriləcək iclasında müzaktirə edilib müvafiq qərarlar çıxarılacaq.

İclasda həmçinin media blokunun Əsasnaməsinə dəyişiklik edib. Belə ki, bloka qoşulmaq üçün ayrı-ayrı ziyalılardan, ictimai xadimlərdən çoxsaylı müraciətlər edilirdi. Lakin Əsasnaməyə görə media blokunda yalnız gündəlik qəzetlər təmsil oluna bilər. Ona görə də bloka üzvlüklə bağlı Əsasnaməyə dəyişiklik edildi və bu dəyişikliyə görə artıq ictimai xadimlər, ziyalılıar və digər fərdlər media blokuna qoşula bilərlər. X.Hidayətqızının sözlərinə görə, bundan sonra artıq onlara edilmiş müraciətlərə müsbət cavab veriləcək və "Müstəqil media-2005" seçki blokuna tanınmış ziyalılar, yazıçı və şairlər, elm adamları, ictimai xadimlər daxil olacaq. Lakin media blokunun adında dəyişiklik edilməyəcək.

Xəbər lenti

Xəbər lenti