Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) parlament seçkiləri prosesinə mənfi təsir göstərən bir çox təşkilati-hüquqi problemlərlə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib. Bu barədə Trend ə Assosiasiyadan məlumat verilib.
Müraciətdə önə çəkilən əsas nöqsanlar seçki prosesi zamanı seçici siyahılarının müəyyənləşməsində və vətəndaşlara seçici vəsiqələrinin paylanmasında yaranmış problemlərdir.
Bundan əlavə, ölkə başçısının diqqətinə çatdırılan digər məqamlar bir vətəndaşa iki seçici vəsiqəsinin verilməsi, həqiqi hərbi xidmətdə olan şəxslərə qeydiyyatda olduğu ev ünvanlarına seçici vəsiqələrinin göndərilməsi, bəzi dairələrdə 100-ə yaxın vətəndaşın adının seçici siyahısında iki dəfə yazılması, onlarla ünvanın ayrı-ayrı məntəqələrdə təkrarlanması, dövlət qulluğunda olan şəxslərin tutduqları vəzifədən istefa vermədən seçki komissiyalarında təmsil olunmaları, seçki prosesi zamanı dünyasını dəyişmiş şəxslərin adlarının seçici siyahılarından çıxarılmaması və ya onların adlarına verilmiş vəsiqələrin ləğv edilməməsi kimi faktlarla bağlıdır.
Assosiasiya deyilənləri əsaslandırmaq üçün belə faktlara dair konkret nümunələr də göstərib. Həmçinin məntəqə seçki komissiyalarının sədrlərinin həmin məntəqənin yerləşdiyi təhsil müəssisələrinin rəhbəri olmasına dair faktlar da bura daxil edilib.
Müraciətdə dairə və məntəqə seçki komissiyalarının bu cür qanunsuzluqların qarşısının alınmasına yönələn heç bir addım atmadıqları da qeyd olunub. Mövcud nöqsanların parlament seçkilərinin gedişinə mənfi təsir göstərə biləcəyi vurğulanır.
Bu nöqsanları nəzərə alaraq, yaranmış problemlərin həlli üçün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası bəzi tədbirlərin həyata keçirilməsini təklifi ilə çıxış edib.
Qurum hesab edir ki, seçici vəsiqələrinin vətəndaşlara paylanması ilə bağlı dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinə nəzarət gücləndirilməlidir.
Bu komissiyalar hər bir seçiciyə fərdi yanaşma tətbiq edərək bütün vətəndaşların seçici siyahılarında olmasını təmin etməlidir. Qanun pozuntusuna yol vermiş dairə və məntəqə seçki komissiyalarının nümayəndələrinə qarşı ciddi tədbirlər görülməlidir.