...

İSLAM PARTİYASI SƏDRİNİN NAMİZƏDLİYİ LƏĞV OLUNDU

Siyasət Materials 14 Sentyabr 2005 18:31 (UTC +04:00)

Parlament seçkisində 28 saylı Sabunçu üçüncü seçki dairəsindən namizədliyi qeydə alınmış İslam Partiyasının sədri Hacıağa Nurinin namizədliyi ləğv olunub. Trend in məlumatına görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul olunub.

Bu məsələni iclasda MSK katibi Vidadi Mahmudov qaldırıb. V.Mahmudov bildirib ki, Hacıağa Nuri seçkidə "Azərbaycançı Qüvvələr" Seçki Blokunun siyahısı üzrə iştirak edir və namizədliyi İslam Partiyasının namizədi kimi qeydə alınıb. Amma İslam Partiyasının dövlət qeydiyyatı olmadığına görə, bu partiya "Azərbaycançı Qüvvələr" seçki blokunun təsisçisi deyil.

V.Mahmudovun sözlərinə görə, dövlət qeydiyyatı olmayan partiyanın nümayəndəsinin bu partiyanın üzvü kimi seçkidə iştirakı qanuna ziddir və Seçki Məcəlləsinin 25.2-ci maddəsinə görə bu şəxsin namizədliyi ləğv olunmalıdır.

MSK-nın digər üzvü Ənvər Əliyev isə buna etiraz edərək bildirib ki, qeydiyyatı olmayan bir partiyanın nümayəndəsi başqa blokun siyahısı üzrə seçkidə iştirak edə bilər. Partiya mənsubiyyətinin göstərilməsi isə texniki səhvdir. Ə.Əliyevin arayışına baxmayaraq, V.Mahmudovun təklifi səsə qoyulub və qəbul olunub.

Xəbər lenti

Xəbər lenti