...

Viktor Yuşenko Ukraynada keçiriləcək parlament seçkilərinədək Azərbaycana səfər edəcək

Siyasət Materials 17 Yanvar 2006 20:04 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenkonun Azərbaycana rəsmi səfəri bu ilin mart ayında Ukraynada keçiriləcək parlament seçkilərinədək həyata keçirilə bilər. Bu barədə Trend ə Ukraynanın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili İqor Kizima bildirib.

Diplomatın sözlərinə görə, Ukrayna prezidentinin Azərbaycana səfəri çoxdandır ki, planlaşdırılır. O, həm Ukrayna, həm də Azərbaycan tərəfinin maraqlı olduğu belə bir səfərin vacibliyini vurğulayıb. Diplomatın da qeyd etdiyi kimi, səfər hələ ötən ilin yayından hazırlanır.Payızda da bu səfər həyata keçirilməyib. Çünki Azərbaycanda parlament seçkiləri keçirilirdi və səfərin yeni ildə həyata keçirilməsi qərara alınıb. İ.Kizimanın sözlərinə görə, martın sonunda Ukraynada parlament seçkilərinin keçirilməsi nəzərə alınaraq tərəflər səfərin bu ilin birinci rübündə həyata keçirilməsi üçün böyük səylə hazırlaşır. Diplomat qeyd edib ki, belə bir təklif Ukrayna tərəfindən irəli sürülüb və Azərbaycan tərəfinin cavabını gözləyirik.

Qeyd edək ki, bundan öncə texniki səbəblərdən V.Yuşenkonun səfərinin Ukraynada hökumət böhranı ilə bağlı olaraq təxirə salınması barədə səhv məlumat verilmişdi.

Kizima bildirib ki, səfərdən öncə iqtisadi əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası keçirilməlidir. Onun sözlərinə görə, bu komissiyanın iclası ildə iki dəfə keçirilməlidir, amma artıq iki ildir ki, baş nazirlərin birinci müavinlərinin görüşü keçirilmir. Diplomat komissiya iclasının səfərə hazırlıq tədbiri olaraq keçirilməsinin vacibliyini xüsusilə vurğulayıb. Qeyd edək ki, Ukrayna tərəfdən komissiyanın həmsədri baş nazirin birinci müavini Stanislav Staşevski, Azərbaycan tərəfdən isə komissiyanın həmsədri baş nazirin birinci müavini Abbas Abbasovdur.

Müvəqqəti işlər vəkili bildirib ki, bundan başqa, yanvarın sonunda sazişlərin, xüsusilə neft-qaz sektorunda əməkdaşlığa dair baş sazişin hazırlanması ilə bağlı olaraq ekspert qrupunun Bakıya gəlişi planlaşdırılır. "Ukrayna tərəfi belə təkliflərlə AR XİN-ə müraciət edib və indi ekspert qrupunun, hökumətlərarası komissiyanın işi və prezidentin səfərinin konkret müddətinin razılaşdırılması ilə bağlı olaraq cavab gözləyir" -deyə diplomat qeyd edib.

Ukraynanın yeni təyin edilmiş səfiri Stepan Volkovetskinin Azərbaycana gəlməsi ilə bağlı məsələyə toxunan müvəqqəti işlər vəkili bildirib ki, onun yanvarın 21-də gəlməsi gözlənilir. Diplomat əmindir ki, yeni səfirin gəlməsi ilə ikitərəfli münasibətlərdə yeni mərhələ başlayacaq. Belə ki, S.Volkovetski bir neçə il Gürcüstanda Ukraynanın səfiri postunda işləyib və regionu yaxşı tanıyır.

Xəbər lenti

Xəbər lenti