...

Vitali Kramarenko: "Neft və qeyri-neft sektorunda ÜDM-in dinamik artımı davam edir"

Siyasət Materials 31 Yanvar 2006 12:07 (UTC +04:00)
Vitali Kramarenko: "Neft və qeyri-neft sektorunda ÜDM-in dinamik artımı davam edir"

BVF-nin Azərbaycan üzrə missiya rəhbərinin Trend ə eksklüziv müsahibəsi

- Siz Beynəlxalq Valyuta Fondunun Azərbaycana sonuncu missiyasının nəticələrini necə qiymətləndirirsiniz?

- 2005-ci ildə IV Bəndə uyğun olaraq məsləhətləşmələr aparmaq üçün missiya və Azərbaycanın rəsmi orqanları arasında ölkə iqtisadiyyatının 2006-cı ildə və sonrakı dövrdə həll etməli olduğu tapşırıqların qiymətləndirilməsilə bağlı geniş qarşılıqlı anlaşma əldə olunub. Əsas tapşırıq hökumətin infrastrukturu sürətlə inkişaf etdirmək, əhalinin həyat səviyyəsini yüksəltmək səyi və ya qiymətlərə, ya da nominal mübadilə məzənnəsinətəzyiqə (bunların hər ikisi iqtisadiyyatın qeyri-neft sektorunun rəqabət qabiliyyətinə mənfi təsir göstərə bilər) səbəb olacaq hədsiz dövlət xərclərinə yol verməmək zərurəti arasındakı balansın təmin edilməsindən ibarətdir.

- Azərbaycan hökuməti ilə razılaşma üzrə BVF ilə gələcəkdə hansı əməkdaşlıq proqramı reallaşdırılacaq? Məlumdur ki, BVF Azərbaycana konsultativ yardım göstərəcək. Bununla əlaqədar fondun missiyası hansı dövriliklə icmallar hazırlayacaq?

- 2005-ci ildə IV Bəndə uyğun olaraq məsləhətləşmələr aparmaq üçün missiya Azərbaycan və BVF arasında əməkdaşlığın müxtəlif formalarını müzakirə edib. Sazişin bəndlərinə əsasən, BVF üzv dövlətlərin iqtisadiyyatına ikitərəfli nəzarət çərçivəsində IV Bəndə uyğun olaraq məsləhətləşmələr aparmaq üçün hər il Azərbaycana tam tərkibdə missiya göndərəcək. Bu missiya BVF-nin İcraiyyə Şurasına gəldiyi nəticələr haqqında məruzə təqdim edəcək. Lakin ölkənin rəsmi orqanlarının makroiqtisadi strategiyasının əsas elementlərinin icmalını hazırlamaq üçün ildə daha bir və ya iki qısamüddətli missiyanın göndərilməsi də mümkündür.
Bundan başqa BFV Azərbaycana gələcəkdə də geniş texniki yardım göstərməyə hazırdır. Müntəzəm nəzarət və texniki yardıma BVF-in dəstəklədiyi bir proqram əlavə oluna bilərdi. Azərbaycan kimi orta gəlir səviyyəsinə malik ölkə üçün mümkün "stend-bay" preventiv razılaşması belə proqram üçün daha münasib əsas yarada bilərdi. Əgər rəsmi orqanlar iqtisadi proqramı dəstəkləmək üçün bu razılaşmanın bağlanması üçün müraciət etmək haqqında qərar qəbul edərsə, o zaman onlar özünün gerçəkləşdirmə meyarlarının sayı və ayrı-ayrı struktur islahatların aparılması qrafikinin əhatə olunduğu iqtisadi və maliyyə siyasətinin şərhilə bağlı niyyətləri barədə məktub hazırlamalıdır.
Bundan başqa "stend-bay" preventiv razılaşmasının əsas üstünlüyünün makroiqtisadi siyasətin əsaslılığının təsdiqlənməsindən ibarət olduğu üçün belə proqram çərçivəsində Azərbaycanın BFV-dən borc maliyyə ehtiyatı almayacağı gözlənilə bilərdi. Rəsmi orqanların "stend-bay" preventiv razılaşması ilə bağlı mümkün müraciəti BVF-nin İcraiyyə şurası tərəfindən təsdiqlənməlidir. BVF "stend-bay" razılaşması çərçivəsində adətən ildə icmal üzrə iki missiya göndərir və onların məruzələri BVF-nin İcraiyyə şurası tərəfindən baxılır. Lakin proqramın yerinə yetirilməsinin nəticələrini qiymətləndirmək üçün daha bir və ya iki missiya da tələb oluna bilər. Rəsmi orqanlar "stend-bay" razılaşmasının bağlanmasının məqsədəuyğunluğunu hələ də nəzərdən keçirir.

- Xarici borc üzrə öhdəliklərin azaldığı təqdirdə Azərbaycan Dövlət Neft Fondu tərəfindən vəsaitin köçürülməsini artırmaq nə dərəcədə məqsədəuyğundur?

- Missiya neft fondunun fəaliyyət göstərməsi şərtlərini müzakirə edib. Hazırda neft gəlirlərinin bir hissəsi neft fondundan keçməyərək birbaşa büdcəyə daxil olur. Eyni zamanda neft fondu bir sıra məqsədyönlü xərcləri maliyyələşdirir. Qeyri-neft sektorunun 2006-cı il üçün təsdiqlənmiş büdcəsində neft fondundan 950 mln manatın (qeyri-neft ÜDM-in 12%-i) alınması nəzərdə tutulub. Bundan başqa neft fondunun fəaliyyət şərtlərinin təkmilləşdirilməsi üçün imkanlar da vardır. Biz hesab edirik ki, xam neftdən əldə olunan bütün gəlirlər neft fonduna keçirilməlidir.
Bundan başqa neft fondu hər hansı birbaşa xərclərə yol verməməlidir. Bunun əvəzinə fond qeyri-neft büdcə kəsirinin bir hissəsini maliyyələşdirməlidir. Başqa sözlə, qeyri-neft büdcə kəsirinin neft gəlirlərini uzunmüddətli idarəetmə strategiyasına uyğun ölçüsü maliyyələşdirmə istiqamətində mövcud tələbatları müəyyən etməlidir. Bu tələbatlar isə neft fondunun vəsaitləri, o cümlədən daxili və xarici borclar hesabına təmin olunacaq. Rəsmi orqanlar bizim bu sahədəki tövsiyələrimizi hələ də nəzərdən keçirir.

- Bakıda aparılmış danışıqlar zamanı siz neft şirkətlərinin vergiqoyma sisteminin təkmilləşdirilməsi zəruriliyi haqqında qeyd etmisiniz. Bu, neft sahəsində imzalanmış müqavilələri Vergi Məcəlləsinə uyğunlaşdırmaq üçün onlara dəyişikliklərin edilməsini nəzərdə tuturmu?

- Biz Azərbaycan Respublikası Dövlət Neft şirkətilə yalnız vergiqoyma ilə bağlı məsələni müzakirə etmişik. Biz hökumətə neft ixracı vergisini illik büdcə haqqında qanuna əsasən deyil, Vergi Məcəlləsinə uyğun olaraq müəyyən etməyi tövsiyə etmişik.

- ƏDV üzrə yığım sisteminin təkmilləşdirilməsinə dair sizin təklifləriniz necədir?

- BVF-nin tövsiyələrinə əsasən, parlament bu yaxınlarda ƏDV administrasiyasının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə bir sıra düzəlişlər edib. Ölkənin rəsmi orqanları da ƏDV sahəsində saxtakarlıq hallarının aşkar edilməsində öz potensialını möhkəmləndirmək üçün ƏDV administrasiyasının bəzi texniki aspektləri üzərində işləyir.

- Siz Azərbaycanda makroiqtisadi vəziyyəti, inflyasiya proseslərini və inflyasiyanın tempinin azaldıması üzrə görülən tədbirləri necə qiymətləndirirsiniz?

- Neft və qeyri-neft sektorlarında ÜDM-in dinamik artımı davam edir, 2004-cü ilin əvvəllərində yaranan inflyasiya təzyiqi isə bir qədər azalıb. Son dövrlərdə inflyasiyanın tempinin azalması dövlətin maliyyə vəsaitlərinin ehtiyatla idarə olunması və daha sərt pul-kredit siyasətinin nəticəsidir. Lakin təsir edən amillərdən biri də istehlak qiymətlərinin indeksinin tərtib olunma metodologiyasına yenidən baxılmasıdır.
Yaxın dövr üçün perspektivlər əlverişli olaraq qalır. Lakin 2006-cı ilin büdcəsində xərclərin xeyli artacağının nəzərdə tutulması ilə əlaqədar inflyasiyanın 10%-dən aşağı səviyyədə saxlanılması çətin tapşırıqdır. Rəsmi orqanlara xərclərin artmasının makroiqtisadi nəticələrini diqqətlə izləmək və lazım gəldikdə plan üzrə xərclərin azaldılması da daxil olmaqla vaxtında düzəliş tədbirləri görmək tövsiyə olunur. Mübadilə məzənnəsinin səmərəliliyinin artması da inflyasiya təzyiqinin qarşısını almağın əsas şərtlərindən biridir.

Xəbər lenti

Xəbər lenti