...

Xocalı soyqırımının tanınması ilə bağlı dünya parlamentlərinə müraciətlər ünvanlanacaq

Siyasət Materials 23 Fevral 2006 18:19 (UTC +04:00)

Xocalı faciəsinin 14-cü ildönümü ilə bağlı xaricdə keçirilən tədbirlər davam edir. Trend xəbər verir ki, "Azərbaycan Yolu" Siyasi Hərəkatı fevralın 23-də Kanadanın Feyerbax şəhərində faciənin anma mərasimini keçirib.

Adıçəkilən hərəkatın Kanada təmsilçisi Sənubər Qarabağlının məlumatına görə, onlarla soydaşımız və qeyri-millətlərin iştirak etdiyi bu toplantıda Xocalı faciəsini əks etdirən fotoşəkillərin nümayişi tədbir iştirakçılarınının diqqətindən yayınmayıb, belə qəddarlıq pislənilib, bu vandalizmə beynəlxalq ictimaiyyət tərəfindən hüquqi qyimət verilməsi tələb olunub. Toplantı iştirakçıları Kanada parlamentinə bununla bağlı müraciət edib.

Fevralın 24-də isə İsveçrənin paytaxtı Berndə azərbaycanlı icmasının və burada təhsil alan tələbələrin iştirakı ilə Xocalı faciəsi yad ediləcək, aksiya keçiriləcək. Tədbirdə erməni vəhşiliklərini əks etdirən bukletlər paylanacaq, Ermənistanın Azərbaycana təcavüzünə dair plakatlar nümayiş olunacaq. Aksiyanın sonunda bu qanlı cinayətin soyqırım kimi tanınması məqsədilə İsveçrə parlamentinə müraciət qəbul ediləcək.

Fevralın 26-da isə İsveçin paytaxtı Stokholm şəhərinin Sergelstroq meydanında ölkədə yaşayan və fəaliyyət göstərən soydaşlarımızın təşkilatçılığı ilə Xocalı soyqırımının 14-cü ildönümü ilə bağlı mitinq keçiriləcək. Mitinqdə soydaşlarımızla birlikdə digər türk dövlətlərinin diaspor nümayəndələrinin, həmçinin Rusiya, Belorus və Ukrayna vətəndaşlarının iştirak edəcəyi gözlənilir. Mitinqdə adıçəkilən faciənin tanınması ilə bağlı İsveçin baş nazirinə, Xarici İşlər Nazirliyinə və parlamentə müraciət ünvanlanacaq.

Dünya Azərbaycanlıları Konqresinin xətti ilə elə həmin gün Brüsseldə Avropa Birliyi qərargahında elmi-praktik konfrans keçiriləcək. Həmin gün NATO qərargahı qarşısında, ayın 25-də isə Haaqa İnsan Hüquqları Məhkəməsi və Avropanın 15 ölkəsində Ermənistan səfirlikləri qarşısında etiraz mitinqləri keçiriləcək. ABŞ-da Ağ Evin və Ermənistan səfirliyi qarşısına qara çələng qoyulacaq.

"İRƏLİ" Ümumrespublika Gənclər Hərəkatı isə fevralın 24-də soyqırım zamanı həlak olan hər bir azərbaycanlının adını əks etdirən lövhələri Bakı şəhərinin Xətai rayonunda Xocalı soyqrımına həsr olunan "Ana harayı" heykəli ətrafında ucaldacaq. Eyni zamanda hərəkatın üzvləri 26 fevral saat 17.00-da Azərbaycanda elan edilən bir dəqiqəlik sükutla soyqırım nəticəsində həlak olan azərbaycanlıların xatirəsini yad edəcəklər.

Digər siyasi partiyalar və qeyri hökumət təşkilatları Xocalı soyqırımının 14-cü ildönümü ilə bağlı ayrı-ayrılıqda tədbirlər həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti