Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov fevralın 27-də Avropa Parlamentinin Avropa üzrə Liberallar və Demokratlar Alyansı (ALDE) siyasi qrupunun rəhbəri Qrexem Uotsonu qəbul edib. Bu barədə Trend ə parlamentin mətbuat xidmətindən bildiriblər.
Spiker bu yaxınlarda Avropa Komissiyasının nümayəndələri ilə Milli Məclisdə keçirilən görüşə toxunaraq qarşılıqlı səfərlərin və fikir mübadiləsinin parlamentlərarası əlaqələrin inkişafına da təkan verdiyini vurğulayıb.
Avropa Parlamentinin Avropa üzrə Liberallar və Demokratlar Alyansı (ALDE) siyasi qrupunun rəhbəri Qrexem Uotson səfərin məqsədini açıqlayaraq Azərbaycanı daha yaxından tanımaq, Azərbaycanla Avropa Birliyi arasında əlaqələri möhkəmləndirmək istədiklərini bildirib. O, təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib.
Spiker qonaqları maraqlandıran suallara cavab olaraq bildirib ki, mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə demokratiya və şəffaflıq tam təmin olunacaq. Seçkilərin beynəlxalq standartlara uyğun olaraq keçirilməsi üçün lazımi tədbirlər görülür.