...

Azərbaycanın Dik Martinin hesabatına daxil olması respublikanın geostrateji mövqeyinin nəticəsidir

Siyasət Materials 9 İyun 2006 14:56 (UTC +04:00)

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının "Avropa Şurasının üzv ölkələrində məhbusların gizli şəkildə həbsdə saxlanması və qeyri-qanuni aparılma təcrübəsi haqqında" hesabatına daxil olması respublikanın geostrateji mövqeyinin nəticəsidir. Trend in verdiyi xəbərə görə, bu barədə Azərbaycan XİN -in Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə "Azadlıq" radiostansiyasına bildirib.

Onun sözlərinə görə, "dünya əhəmiyyətli marşrutların əksəriyyəti Azərbaycanda kəsişir". Qeyd edək ki, Dik Marti öz hesabatında Azərbaycanı "B" kateqoriyalı ölkələrin siyahısına daxil edib. Sənəddə göstərilir ki, respublika ərazisindən uçuşların və uçuş heyətlərinin planlaşdırılması və koordinasiya nöqtəsi kimi istifadə olunub.

Tahir Tağızadənin sözlərinə görə, Azərbaycan heç vaxt insan haqları üzrə beynəlxalq konvensiyaların pozulmasına yol verməyib. Azərbaycan XİN nümayəndəsi qeyd edib ki, Avropa Şurası hər hansı təşəbbüslə çıxış etdiyi halda, Bakı bu təşkilatla şəffaf və açıq şəkildə əməkdaşlıq edəcək.

O həmçinin qeyd edib ki, Azərbaycan terrorçuluğa qarşı beynəlxalq koalisiyasının fəal üzvüdür və Bakının nəzarətində olan ərazilər barədə bu cür faktların olması yolverilməzdir. Ermənistan tərəfindən işğal olunmuş respublika ərazilərinə gəlincə isə, bu məsələ üzrə Azərbaycanda lazımi məlumat yoxdur.

Bununla yanaşı Avropa Şurasının Baş Katibi Terri Devis bildirib ki, "senator Dik Marti çox çətin şəraitdə böyük iş görüb". Sonda Baş Katib bildirib: "Mən, öz tərəfimdən, gələcək haqqında düşünmək niyyətindəyəm. Mən üzv dövlətlərimizin hökümətləri üçün Avropada insan haqlarının bu cür pozulmasının qarşısının alınmasına yönəlmiş bir sıra təkliflər hazırlayıram".

Xəbər lenti

Xəbər lenti