Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov iyunun 16-də Fransanın ölkəmizdəki səfiri Bernar dü Şafo ilə partiyanın mənzil-qərargahında görüşüb. Bu barədə Trend ə YAP-ın mətbuat xidmətindən bildirblər.
Görüşdə Azərbaycan və Fransa arasında əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Ölkələr arasında mövcud əməkdaşlıq əlaqələrini yüksək dəyərləndirən səfir siyasi, iqtisadi, insan haqlarının qorunması, demokratiyanın daha da dərinləşməsi sahəsində həyata keçirilən uğurlu islahatların Azərbaycanın beynəlxalq aləmdə günü-gündən nüfuzunun artmasında başlıca amil olduğunu qeyd edib.
YAP-ın ictimai-siyasi həyatda rolu və ölkənin siyasi həyatında cərəyan edən proseslər barədə məlumat verən Ə.Əhmədov ölkəmizdə demokratikləşmə sahəsində ciddi uğurların əldə olunmasına baxmayaraq Dağlıq Qarabağ probleminin bütövlükdə cəmiyyətin inkişafına ciddi maneə yaratdığını qonağın nəzərinə çatdırıb.
Fransa səfiri ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədri kimi heç bir gizli məqsəd güdmədiyini və rəsmi Parisin problemin həlli üçün beynəlxalq hüquq çərçivəsində ciddi səylər göstərdiyini, bu istiqamətdə mövqeyinin qəti olduğunu vurğulayıb.