...

Xızı rayon prokruoru: "Xəzər sahili" istirahət mərkəzində iki nəfəri qətlə yetirmiş və polis kapitanını vurmuş şəxslər həbs edilib

Siyasət Materials 21 İyul 2006 16:23 (UTC +04:00)

İyulun 21-də Xızı rayonu Şurabad qəsəbəsindəki "Xəzər sahili" istirahət mərkəzində istirahət edən Stalçay qəsəbəsinin sakinləri 1980-ci il təvəllüdlü Elşən Quliyevi, 1980-ci il təvəllüdlü Dünyamalı Məmmədovu qətlə yetirmiş Rəfail Quliyev həbs edilib. Bu barədə Trend ə Xızı rayon prokruoru Tahir Vəliyev məlumat verib.

Prokuror bildirib ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə cinayət işi başlanıb.

"Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəfail Quliyev şübhəli şəxs qismində saxlanılıb. İlkin istintaq dindirməsi zamanı Rəfail Quliyev bildirib ki, məqsədi yalnız Elşən Quliyevi öldürmək imiş. Səbəbsə intiqam almaq olub. Belə ki, bir müddət əvvəl Elşən Quliyev Rəfail Quliyevin qardaşını qətlə yetiribmiş. Rəfail Quliyev Elşən Quliyevin "Xəzər sahili" istirahət mərkəzində dincəldiyi barədə məlumat əldə edərək oraya gedib. Məqsədi yalnız Elşən Quliyevi öldürmək olub. Lakin həmin vaxt Dünyamalı Məmmədov da Elşənlə birlikdə istirahət edirmiş. Mübahisəyə müdaxilə etdiyi üçün o da öldürülüb" - deyə prokuror söyləyib.

Prokuror Tahir Vəliyev onu da qeyd edib ki, hadisə barədə Xızı rayon Polis Şöbəsinə məlumat daxil olduqdan sonra şöbə əməkdaşları hadisə yerinə gəliblər. Şöbənin əməliyyatçısı, polis kapitanı Müşfiq Hüseynov su içmək məqsədilə hadisə yaxınlığındakı mənzillərdən birinin qapısını döyüb. Lakin ev sahibi Rauf Şirinov qapını açan kimi polis kapitanının sifət nahiysinə yumruqla zərbə vurub. Nəticədə polis kapitanı aldığı xəsarətdən huşunu itirib və onu xəstəxanaya gətiriblər. Tibbi yardım göstərilməsinə baxmayaraq polis kapitanı dünyasını dəyişib.

"Hazırda polis işçisinə xəsarət yetirmiş Rauf Şirinov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 315.2-ci (dövlət qulluqçusuna müqavimət) maddəsi ilə cinayət işi başlanıb. Əgər məhkəmə tibb ekspertizasının nəticəsində bildirilsə ki, polis kapitanı yumruq zərbəsindən dünyasını dəyişib, o zaman R.Şirinova qarşı CM-nin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə də cinayət işi başlanacaq" - deyə prokuror vurğulayıb.

Xəbər lenti

Xəbər lenti