Avqustun 1-2-də Tatarıstan Respublikasının baş naziri Rüstəm Minnixanovun Azərbaycana səfəri zamanı ikitərəfli sazişlərin imzalanması nəzərdə tutulmur. Bu barədə Trend ə Azərbaycan Nazirlər Kabinetinin regionlararası əlaqələr şöbəsinin müdiri Kamal İsmayılov məlumat verib.
Onun sözlərinə görə, buna ehtiyac yoxdur. Azərbaycan və Tatarıstan arasında ticari-iqtisadi əməkdaşlıq haqqında saziş artıq qüvvədədir. Bu sənəd Tatarıstan prezidenti Mentimer Şaymiyevin Azərbaycana səfəri zamanı imzalanıb.
Baş nazirin səfəri çərçivəsində Azərbaycan-Tatarıstan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının birinci iclası keçiriləcək. Azərbaycan tərəfi ikitərəfli ticari-iqtisadi və humanitar əlaqələrin inkişafı üzrə təkliflər paketi hazırlayır. K.İsmayılov qeyd edib ki, bu günlərdə komissiyanın Azərbaycan tərəfdən başçısının təyin olunacağı gözlənilir. Tatarıstan tərəfdən isə komissiyanın həmsədri baş nazirdir.
"Baş nazirin səfərindən bir gün əvvəl Tatarıstan hökumətinin ekspert qrupu Bakıya gələcək. Qrup azərbaycanlı ekspertlərlə birgə iclasın gündəliyini hazırlaycaq", - deyə şöbə müdiri bildirib.