...

Anjey Kaspşik: Azərbaycan və Ermənistan prezidentlərinin görüşü hadisələrin sonrakı gedişatından asılı olacaq

Siyasət Materials 9 Avqust 2006 16:18 (UTC +04:00)
Anjey Kaspşik: Azərbaycan və Ermənistan prezidentlərinin görüşü hadisələrin sonrakı gedişatından asılı olacaq

Trend in ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə müsahibəsi

- ATƏT-in Minsk qrupu həmsədrlərinin Paris görüşündən sonra belə bir bəyanat verilib ki, Azərbaycan və Ermənistan XİN başçılarına payızda Praqada görüşmək təklif olunacaq. Bu məsələ üzrə razılıq əldə olunubmu?

- Hazırda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov səfərdə, Ermənistanın XİN başçısı isə məzuniyyətdədir. Ona görə də biz onlarla hər hansı danışıqlar apara bilmirik. Lakin istənilən halda XİN başçılarının görüşü haqqında razılığın əldə olunması tərəflərin bu işdə maraqlı olub-olmamasından asılı olacaq. Bu günlərdə Elmar Məmmədyarov qayıtdıqdan sonra biz onunla bu məsələni müzakirə edəcəyik.

- Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulubmu? Həmsədrlər bununla əlaqədar hər hansı təklif irəli sürübmü?

- Prezidentlər mütəmadi olaraq və kifayət qədər tez-tez görüşürlər. Dövlət başçılarının görüşü hər zaman xarici işlər nazirləri tərəfindən hazırlanır. Və prezidentlərin görüşü xarici işlər nazirlərinin görüşünün razılaşdırılması ilə əlaqədar hadisələrin sonrakı gedişatından asılı olacaq. Prezident danışıqlarının növbəti raunduna dair isə hələ heç bir konkret ideya yoxdur. Bəzi məsələlərin müzakirə ediləcəyi barədə fikir var, lakin bunun hansı yollarla və hansı səviyyədə olacağını həmsədrlər nazirlərlə gələcək danışıqlar zamanı müzakirə edəcək.

- Yaxın vaxtlarda həmsədrlərin nazirlərlə fərdi görüşü keçiriləcəkmi?

- Hazırda heç bir görüş planlaşdırılmır. Mən başa düşürəm ki, siz mənim konkret tarixi deməyimi istərdiniz, lakin mən hələ heç nə deyə bilmərəm. İndi məzuniyyətlərin olduğu vaxtdır. Lakin bu o demək deyil ki, heç bir iş görülmür. Həmsədrlərin Parisdə müzakirə etdikləri məsələlər tərəflərə çatdırılıb və indi onlar bəzi məqamları götür-qoy etməlidirlər.

Düşünürəm ki, biz görüş üçün məqam və vaxt tapacağıq, lakin bu, hələ müəyyən edilməyib. Həmsədrlərin fəaliyyəti hələ müzakirə edilməyən məsələnin irəliləməsinə yönəldilib. Onlar tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışırlar. Bu, onların vəzifəsidir.

- Siz bu mövqelərin yaxınlaşdığını hiss edirsinizmi?

- Həmsədrlərin irəli sürdüyü və danışıqların əsası olacaq müxtəlif planlar mövcud idi. Bu planları bu və ya digər tərəf qəbul etmədi. Nazir və prezidentlərin görüşü Praqa prosesi çərçivəsində keçirilir. Bu proses çox uzanır. Prezidentlərin öz ölkəsi üçün mühüm saydıqları mövqeni müntəzəm surətdə müdafiə etmələrinə baxmayaraq, əvvəllər danışıqların gedişi bu cür səmərəli olmayıb.

- Belə bir fikir var ki, Minsk qrupunun amerikalı həmsədri dəyişdikdən sonra qalan həmsədrlərin də dəyişdirilməsi planlaşdırılır. Bu, danışıqların gedişatına təsir edə bilərmi?

- Bunda təəccüblü heç nə yoxdur. Bu, xarici diplomatın karyerası çərçivəsində normal prosesdir. Mən hesab edirəm ki, bu, danışıqlar prosesi ilə əhəmiyyətli dərəcədə bağlı deyil. Lakin hər bir həmsədr şəxsiyyətdir. Ümumi mövqe həmsədrlərin prosesi sona çatdırmaq istəyi ilə müəyyən olunur. Həmsədrin dəyişməsi yeni nöqteyi-nəzər deməkdir. Bəlkə yeni diplomat digərlərinin görə bilmədiyini və ya şəxsi prizmalarından gördüklərini görəcək.

- Siz Azərbaycanın işğal altında olan ərazilərindəki yanğınla əlaqədar iyulun 3-5-də təmas xəttində keçirilmiş monitorinqin yekunlarına görə hesabat hazırlamısınız. Bu məsələ hansı mərhələdədir?

- Azərbaycan tərəfinin xahişi ilə mən bir neçə nöqtədə üçgünlük monitorinq keçirdim. Təmas xəttindəki yanğınlarda qeyri-adi heç nə yoxdur. Mən hər il yanmış əraziləri müşahidə edirəm. Lakin bu dəfə Azərbaycan tərəfi bu il üçün çox yaxşı sənədlər hazırlayıb və təqdim edib. Həm də təsdiq edə bilərəm ki, bu ilin iqlim şəraitini nəzərə alaraq, bu yanğınların yayılması adi vaxtda olduğundan çoxdur. Yanğınlar təmas xəttinin yaxınlığında yerləşən rayonlara aiddir, lakin orada heç bir təsərrüfat fəaliyyəti yoxdur. Lakin şimal ərazidə yanğın çoxalaraq, Ağdam şəhərinin ətraflarına da təsir göstərib. Düşünürəm ki, əgər yanğınlar hər hansı kənd təsərrüfatı ərazisinə dəysə, onları nəzarətdə saxlamaq üçün əməkdaşlıq haqqında düşünmək olar.

Məruzə münaqişə tərəflərinə və ATƏT üzvü olan ölkələrə verilib. Hazırda gələcək fəaliyyət haqqında məlumat gözləyirəm. Əgər tərəflərdən birindən tələb gəlsə, biz tədbir görəcəyik. Bu proses məzuniyyətlər dövrünü də ləngidir.

- Siz növbəti monitorinqləri nə vaxt keçirməyi planlaşdırırsınız?

- Biz adətən ayda iki monitorinq keçiririk. Mənim komandam beş nəfərdən ibarətdir və onlardan ikisi indi məzuniyyətdədir. Düşünürəm ki, onlar avqustun sonunda qayıdacaqlar. Onlar qayıtdıqdan sonra mən növbəti monitorinqi keçirə biləcəyəm. Sentyabr ayı ərzində daha iki monitorinqin keçirilməsi planlaşdırılır.

- Atəşkəsin pozulması nəticəsində cəbhə xəttində yaralanan və ya həlak olanların olub-olmaması barədə Sizdə məlumat varmı?

- Adətən tərəflər mənə itkilər və yaralılar barədə məlumat verirlər. 1996-cı ildə mən yenicə bölgəyə gələndə belə hallar daha çox idi. Hələ o vaxt Ermənistan prezidenti Levon Ter-Petrosyana demişdim ki, mənim qiymətləndirmələrimə görə, ildə hər iki tərəfdən yaralı və qurbanların sayı 200 nəfərə çatır. Sonra siyasi iradə sayəsində atəşkəs rejimini saxlamaq mümkün oldu və bu məsələdə, müəyyən qədər də olsa, mənim ofisimin rolu var. Atəşkəsin pozulması və qurbanların olma halları ildən-ilə azalır. Hərdən müəyyən ərazilərdə və müxtəlif səbəblərdən atışma baş verir. Bəzən, xüsusən də kimsə xəsarət alanda, hətta zabitlər də atışmanı dayandırmaqda çətinlik çəkirlər. Və belə şəraitdə mənim monitorinqlərimin çox köməyi olur. Mənim gəlişim qayda-qanun yaradır.

Hesab edirəm ki, hazırda təmas xətti boyunca bir qədər sakitlikdir. Hər səfərimdə isə mən Bakıda, Yerevanda və Qarabağda danışıqlar aparıram. Mən böyük səylə zabit və əsgərlərin diqqətinə çatdırıram ki, atəş açmaq olmaz.

- Cari il üzrə hansı məlumatlar var?

- Bu ilin əvvəlində vəziyyət bir qədər gərgin idi, lakin may ayında bir qədər normallaşdı. Düşünürəm ki, bu il hər iki tərəfdən yaralı və ölənlərin sayı 20 nəfərdən çox olmayıb.

- Atəşkəs rejiminin pozulması halları danışıqların gedişinə təsir göstərirmi?

- Atəşkəs rejiminin pozulması danışıqlara ziyan vura bilər. Əgər təmas xəttində vəziyyət gərginləşirsə, çoxlu sayda yaralanan olursa, bu, əhalinin əhvalına və danışıqlara öz təsirini göstərir. O zaman kompromisə getmək daha çətindir.

Xəbər lenti

Xəbər lenti