"Noble Group Limited" şirkəti Azərbaycanda biznes qurmaqda maraqlıdır. Trend in xəbər verdiyi kimi, bu barədə bu gün şirkətin icraçı direktoru, təsisçisi Riçard Elman bildirib.
Dünyanın 42 ölkəsində 70 ofisi olan şirkət kənd təsərrüfatı və sənaye üçün xammal təminatı sahəsində, eləcə də loqistika və maliyyə xidmətləri göstərmək sahəsində fəaillyət göstərir.
"Biz Azərbaycanda işlədiyimiz bütün sahələr üzrə layihələr həyata keçirə bilərik. Biz metal biznesi istehsalı üzrə ölkədə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edirik və bu əlaqələrin genişlənməsində çox maraqlıyıq", - deyə "Noble Group Limited" şirkətinin təmsilçisi bildirib. Onun sözlərinə görə, keçən il şirkətin xalis gəliri $231 mln. təşkil edib.
R.Elman həmçinin vurğulayıb ki, artıq bir neçə müddətdir ki, şirkət "Det.AL Limited" ilə bir çox sahələrdə, xüsusi ilə alüminium, gil-torpaq alqı-satqısı sahələrində üzunmüddətli tərəfdaşlıq edir. Şirkətlər tərəfdaşlıq münasibətlərini daha da genişləndirmək və inkişaf etdirmək niyyətindədirlər.