...

İlham Əliyev: Azərbaycan nəqliyyat sektorunun inkişafına böyük diqqət ayırır

Siyasət Materials 31 Oktyabr 2006 11:40 (UTC +04:00)
İlham Əliyev: Azərbaycan nəqliyyat sektorunun inkişafına böyük diqqət ayırır

"Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan regionun mərkəzidir". Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 31-də Azərbaycan prezidenti İlham Əliyev Gəncə hava limanının açılışında bəyan edib.

"Biz nəqliyyat sektorunun inkişafına böyük diqqət ayırırıq. Belə ki, nəqliyyat infrastrukturunun olması digər bölgələrin də inkişafının sürətlənməsinə imkan verir. Bu gün Gəncədə yeni hava limanı istismara verilib. Lənkəranda hava limanı tikilir. Bundan başqa, Zaqatalada da hava limanı inşa ediləcək. Gürcüstan, İran və Rusiya sərhədlərinədək avtomobil yollarının inşası həyata keçirilir, gəmiçiliyin inkişafı davam etdirilir",- deyə dövlət başçısı qeyd edib.

Gəncə hava limanında 3300 metr uzunluğunda uçuş-eniş xətti çəkilib. Bundan başqa, hava limanını Gəncə-Qazax magistral avtomobil yolu ilə birləşdirən yeni yol çəkilib. Yeni hava limanı ən müasir beynəlxalq standartlara cavab verir və ən ağır təyyarələri qəbul edə bilir. Hava limanının dəyəri 40 mln dollara qədər təşkil edir.

Onun sözlərinə görə, bütün sektorlarda - təhsil, səhiyyə, tikinti sahələrinin inkişafı istiqamətində işlər görülür. "Biz bölgələrin inkişafı üçün vəsaitlər ayırır, göstərişlər veririk. Ancaq yerlərdə bu göstərişlər yerinə yetirilmirsə və buna təşəbbüs göstərilmirsə, o zaman bu baş vermir. Gəncənin timsalında biz verilmiş tapşırıqların dəqiq yerinə yetirilməsinin və dövlət qayğısının təzahürünün şahidi oluruq",- deyə İlham Əliyev qeyd edib.

Dövlət başçısının sözlərinə görə, yeni hava limanı region üçün böyük əhəmiyyət kəsb edir. Bundan başqa, Gəncə-Qazax və digər infrastruktur obyektləri inşa edilir. "Azərbaycanın iqtisadiyyatı sürətli templərlə inkişaf edir, əmək haqları, təqaüdlər artır, məktəblər, tibbi müəssisələr tikilir. Xüsusilə Bakıda yaşayış binalarının inşası elə sürətli templərlə gedir ki, biz hətta bu templəri dayandırmağa çalışırıq",- deyə o bildirib.

Qeyd edək ki, bu gün İlham Əliyevin andiçmə mərasiminin 3 ili tamam olur. Prezident qeyd edib ki, 3 il ərzində onun verdiyi vədlərın hamısı yerinə yetirilib. Bütün işlər Azərbaycanın möhkəmlənməsinə və xalqın rifahının yaxşılaşmasına yönəlib. "Mən bundan sonra da Vətənimin tərəqqisi üçün çalışacağam", - deyə prezident qeyd edib.

Xəbər lenti

Xəbər lenti