Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərin silahlı qüvvələrinin qərargah rəisləri Komitəsinin toplantısı noyabrın 2-də Moskvada keçiriləcək. Bu barədə Trend MDB İcra komitəsinə istinadən xəbər verir.
Toplantı Komitə sədri, Rusiya Federasiyası Silahlı qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Yuri Baluyevskinin rəhbərliyi altında keçiriləcək. Toplantının gündəliyinə birgə (birləşdirilmiş) rabitə sisteminin təkmilləşdirilməsi perspektivləri, topogeodeziya və naviqasiya təminatının inkişafı, MDB iştirakçı-dövlətləri silahlı qüvvələri arxiv xidmətlərinin qarşılıqlı əlaqəsinin təşkili haqqında məsələlərin müzakirəsi və MDB iştirakçı-dövlətlərin müdafiə idman-texniki təşkilatları (cəmiyyətləri) İttifaqının Mərkəzi şurasının fəaliyyətinin yekunları daxildir.
Həmçinin "Müasir çağırış və təhdidlər şəraitində MDB iştirakçı-dövlətləri silahlı qüvvələrinin hərbi quruculuğunun xüsusiyyətləri" mövzusunda "dəyirmi masa"nın keçirilməsi də planlaşdırılıb.