...

Sona Salmanova: "Konstitusiya Məhkəməsinə aşağı məhkəmə instansiyalarının qərarlarından fərdi şikayətlər çoxdur"

Siyasət Materials 23 Noyabr 2006 15:03 (UTC +04:00)
Sona Salmanova: "Konstitusiya Məhkəməsinə aşağı məhkəmə instansiyalarının qərarlarından fərdi şikayətlər çoxdur"

Konstitusiya Məhkəməsinə təqdim olunan müraciətlər arasında aşağı məhkəmə instansiyalarının qərarlarından verilən fərdi şikayətlər daha çoxdur. Bu barədə Trend ə Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova məlumat verib.

O bildirib ki, Konstitusiya Məhkəməsinə əsasən iqtisadi cinayətlər, iqtisadi-əmlak mübahisələri, insan haqları ilə bağlı müraciətlər daxil olur. S.Salmanovanın sözlərinə görə, bu ali instansiyaya qadınlara qarşı zorakılıqla bağlı şikayətlər daxil olmayıb.

S.Salmanova qeyd edib ki, Konstitusiya Məhkəməsi vətəndaşların məhkəmə aktlarından verdiyi şikayətlər barədə 44 qərar çıxarıb: "Konstitusiya Məhkəməsi əsasən qanunların düzgün tətbiq olunması məsələlərinə baxır. Məlum olduğu kimi, 2002-ci ildə keçirilən referendumdan sonra vətəndaşlar məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə şikayət vermək hüququ əldə ediblər. Bundan sonra müraciətlər əsasında çıxarılan qərarların sayı ümumilikdə 44-dür. Konstitusiya Məhkəmsinin şikayətərə spesifik baxışı var. Əgər aşağı məhkəmə instansiyalarında çıxarılan qərarlarda qanun düzgün tətbiq olunmayıbsa, yaxud aidiyyatı olmayan qanunlar tətbiq edilibsə, belə hallarda həmin qərarlar Konstitusiya Məhkəməsi tərəfindən qanunsuz sayılır"-deyə sədr müavini bildirib.

S.Salmanova əlavə edib ki, Konstitusiya Məhkəməsinin qərarları heç bir orqan tərəfindən ləğv oluna bilmədiyi üçün onun qərarından şikayət də verilmir.

Qeyd edək ki, müxalifətçi Müsavat Partiyası vətəndaşların sərbəst toplaşmaq hüququnu məhdudlaşdırdığını əsas gətirərək Bakı Şəhər İcra Hakimiyyətindən Konstitusiya Məhkəməsinə şikayət hazırlayıb. KM-nin sədr müavini S.Salmanova deyib ki, bu məhkəmənin Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyətinə dair qərar çıxarmaq səlahiyyəti yoxdur: "Əgər normativ aktlarla, məhkəmə aktları ilə bağlı qərar varsa, biz onu ləğv edə bilərik. Şikayətlə bağlı bizə sorğu, müraciət daxil olmalıdır. Ondan sonra Konstitusiya Məhkəməsi müraciətə baxa bilər. Bakı Şəhər İcra Hakimiyyətinin qərarlarından şikayətləri varsa, müraciət etsinlər, Konstitusiya Məhkəməsi baxıb öz fikrini deyər"- Konstitusiya Məhkəməsinin sədr müavini qeyd edib.

Xəbər lenti

Xəbər lenti