...

Əli Kərimli: "Müxalifət partiyalarının fəaliyyətinin dayandırılmasından söhbət belə getmir"

Siyasət Materials 28 Noyabr 2006 15:01 (UTC +04:00)

"Azadlıq" blokunun buraxılmasından, müxalifətin fəaliyyətinin dayandırılmasından, mübarizədən imtina olunmasından söhbət belə getmir". Bu fikirləri Trend ə açıqlamasında müxalifətçi "Azadlıq" blokunun həmtəsisçisi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib.

Qeyd edək ki, müxalifət partiyaları ötən gün növbəti toplantılarını keçiriblər, müxalifətin birgə əməkdaşlığı barədə müzakirələr aparılıb. Əli Kərimlinin sözlərinə görə, müxalifət üzləşdiyi problemləri ictimaiyyətə çatdırmaq, mübarizəni davam etdirmək barədə düşünür: "Demokratiyanın göstəricisi Ədliyyə Nazirliyində 40-50 partiyanın qeydiyyatdan keçməsi deyil. Siyasi partiyalar normal fəaliyyət göstərmək, seçkilərə hazırlaşmaq, seçiciləri ilə görüşmək, televiziyalar, azad mətbuat vasitəsilə fikirlərini çatdırmaq, sərbəst toplaşmaq azadlığına malik olmalıdır. İndi məlum olur ki, partiyaların hətta ofis şəraitində də fəaliyyətinə imkan verilmir. Biz artıq söz və mətbuat azadlığının müdafiəsi üçün Koordinasiya Şurasını yaratmışıq. Şuranın yeni qərarları barədə açıqlamalar veriləcək".

Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan bildirib ki, hazırda müxalifət partiyalarının birgə mübarizə formaları müəyyənləşdirilir. O, Liberal Partiyasının həmtəsisçisi olduğu "Azadlıq" blokunun fəaliyyətinin dayandırılmayacağını deyib.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov qeyd edib ki, partiyaların mütəmadi toplantılarının keçirilməsində məqsəd heç də hansısa bir koalisiyanın, yeni qurumun yaradılması deyil: "Müxalifətin birliyini istəmək üçün bu sözlərin arxasında dayanmaq, hər bir partiyada müzakiələr aparıb qərarlar vermək lazımdır. Hazırda demokratiya uğrunda birgə mübarizə üçün müqavimət hərəkatının yaradılmasından söhbət gedir".

Xəbər lenti

Xəbər lenti