...

Azərbaycanın birinci xanımı ABŞ-da görüşlər keçirir

Siyasət Materials 6 Dekabr 2006 15:28 (UTC +04:00)

Azərbaycan Respublikasının birinci xanımı, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ABŞ-da görüşlər keçirir. Bu barədə Trend "AzərTAc"a istinadən xəbər verir.

Səfər çərçivəsində M.Əliyeva ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədrləri, demokrat Solomon Ortis, respublikaçı Bil Şuster və qrupun üzvləri Ed Uilfild, Iisente Foks ilə görüşüb. Görüşdə M.Əliyeva Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Görüş zamanı tərəflər bir neçə aktual məsələni, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin aradan qaldırılması, Azərbaycanın geostrateji mövqeyi və s. məsələləri müzakirə ediblər.

Tərəflər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Səfər çərçivəsində M.Əliyeva ABŞ Konqresinin Avropa və yeni təhlükələr üzrə alt komitəsinin sədri Robert Ueksler ilə görüşub və ABŞ-ın dəstəyi ilə bölgədə həyata keçirilən layihələrin həyata keçirilməsini vurğulayıb. Birinci xanım R.Ueksleri ölkəmizlə tanış olmaq üçün Azərbaycana səfərə dəvət edib.

Konqresmen Ueksler Azərbaycanın ABŞ üçün əhəmiyyətinə toxunaraq, yeni seçilmiş Konqresin Azərbaycana diqqətini daha da artıracağına ümidvar olduğunu bildirib.

Heydər Əliyev Fondunun prezidenti səfər zamanı Prezident Kitabxanası Fondunun prezidenti, ABŞ-ın Milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri general Brent Skoukroftla görüşüb. Görüşdə Heydər Əliyev Fondu ilə Prezident Kitabxanası Fondu arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Azərbaycanın birinci xanımının ABŞ-a səfəri davam edir.

Xəbər lenti

Xəbər lenti