...

Deputat Mübariz Qurbanlı: "Tarif Şurasının son qərarı ilə əlaqədar parlamentin nöbədənkənar iclasının keçirilməsinə ehtiyac yoxdur"

Siyasət Materials 9 Yanvar 2007 13:39 (UTC +04:00)

"Tarif Şurasının qərarına əsasən, enerji daşıyıcılarının, kommunal xidmətlərin və sərnişin daşımalarının qiymətlərinin qalxması ilə əlaqədar Milli Məclisin nöbədənkənar iclasının çağırılmasına ehtiyac yoxdur." Bu sözləri Trend ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.

Xatırladaq ki, Müsavat deputat qrupu Milli Məclisin nöbədənkənar iclasının keçirilməsi üçün parlament rəhbərliyinə müraciət edib.

M.Qurbanlı bildirib ki, Tarif Şurasının atdığı addım Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklərlə bağlıdır.

"Bu, eyni zamanda, ölkədə aparılan iqtisadi islahatlarla əlaqədardır. İqtisadi islahatlar isə Azərbaycanın rifahını yaxşılaşdırmağa yönəlib. Belə olan halda isə müxtəlif variantda qiymət siyasəti həyata keçirilə bilər. Ona görə də Milli Məclisin nöbədənkənar iclasının çağırılmasına ehtiyac yoxdur."

O qeyd edib ki, əhalinin aztəminatlı təbəqəsinin müdafiəsi üçün müxtəlif proqramlar həyata keçirilir: "Bu cür proqramların həyata keçirilməsi qiymət artımının həmin təbəqəyə mənfi təsirini azaldacaq."

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə isə bildirib ki, parlamentin yaz sessiyasında ilk nöbədə hökumətin hesabatı dinləniləcək. "Bu məsələni də o zaman müzakirə edə bilərik" - deyə Asim Mollazadə qeyd edib.

Onun fikrincə, Tarif Şurasının qiymətləri bu formada dəyişdirməsi düzgün deyil. A.Mollazadə vurğulayıb ki, qiymətlərin qaldırılması ciddi inflyasiyaya səbəb olacaq və bunun nəticəsində Azərbaycanın aztəminatlı təbəqəsi daha ağır vəziyyətə düşəcək: "Mən hesab edirəm ki, bu, düşünülməmiş addımdır. İndi ciddi addımlar atılmalıdır ki, aztəminatlı ailələrin vəziyyəti dəyişsin və inflyasiyanın qarşısı alınsın."

Millət vəkili qeyd edib ki, parlamentin yaz sessiyası başlayan kimi bu məsələni gündəmə gətirəcək.

Deputat Cəmil Həsənli isə bildirib ki, bu məsələ ilə bağlı Milli Məclisin nöbədənkənar iclasının keçirilməsinə ehtiyac var. "Çünki bu, son dərəcə fövqalədə bir hadisədir. Birdən-birə qiymətləri bu qədər bahalaşdırma yolverilməz hadisədir. Əhalinin aztəminatlı təbəqəsinin vəziyyətini nəzərə almaq lazımdır."

C.Həsənli hesab edir ki, Tarif Şurasının qəbul etdiyi qərar ilk nöbədə Milli Məclisə göndərilməlidir. "Parlament qərarı təsdiq etdikdən sonra icra sturukturları onun qüvvəyə minməsi haqqında qərar veməlidirlər. Çünki əhali ilə daha çox təmasda olan Milli Məclisdir" - deyə o əlavə edib.

Deputat Zahid Oruc bildirib ki, parlamentin nöbədənkənar iclasını keçirilməsinə ehtiyac yoxdur.

Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının üzvü, deputat Əli Məsimli isə deyib ki, o, müstəqil fəaliyyət göstərir və digər deputatların qaldırdıqları məsələyə münasibət bildirmək fikrində deyil.

Xəbər lenti

Xəbər lenti