...

Milli Məclis sədrinin müavini: "NATO PA-nın yaz sessiyasında Ermənistanın qeyri-qanuni silahlanması və digər məsələləri qaldıracağıq"

Siyasət Materials 14 Fevral 2007 18:20 (UTC +04:00)

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyəti qurumun yaz sessiyasında Ermənistanın qeyri-qanuni silahlanması və bir sıra digər məsələləri qaldırmağı nəzərdə tutub. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov bildirib.

Z.Əsgərov qeyd edib ki, Parlament Assambleyasında qaldırılacaq məsələlər, o cümlədən Ermənistanın qeyri-qanuni silahlanması ilə bağlı NATO ekspertləri ilə müzakirələr aparılıb.

"Bu məsələlərdə bizim imkanlarımızı məhdudlaşdıran amil ondan ibarətdir ki, Azərbaycan NATO Parlament Assambleyasının assosiativ üzvüdür. Bizim NATO Parlament Assambleyasında səs vermək hüququmuz yoxdur. Ona görə də yalnız xahişlə və ciddi səylərlə bu məsələləri həll edə bilərik. Bu istiqamətdə də işimizi davam etdiririk", -deyə Ziyafət Əsgərov əlavə edib.

Xatırladaq ki, NATO Parlament Assambleyasının növbəti sessiyası may ayında Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti