...

QİƏPM nümayəndə heyəti Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçiriblər

Siyasət Materials 28 Fevral 2007 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QİƏPM) nümayəndə heyəti Brüsseldə Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçiriblər. Bu barədə Trend ə eksklüziv açıqlamasında QİƏMP-in vitse-prezidenti, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Asəf Hacıyev məlumat verib.

A.Hacıyev qeyd edib ki, keçirilən görüşlərdə Qara dəniz regionu çərçivəsində Avropa Birliyinin qonşuluq siyasəti proqramının genişləndirilməsi, QİƏPM ilə Avropa Parlamenti arasında əməkdaşlığın dərinləşdirilməsi və Qara dəniz regionunda həyata keçirilən enerji layihələrinin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunub.

"Dondurulmuş münaqişələrin enerji layihələrinin təhlükəsizliyinə təsiri məsələsi geniş və ciddi müzakirələrə səbəb oldu. Qeyd olundu ki, bu münaqişələr enerji layihələrinə ciddi təhlükə yaradır. Mən Dağlıq Qarabağ problemi haqqında məlumat verdim. Ermənistanın danışıqlarda qeyri-konsturuktiv mövqe tutduğunu, Robert Koçaryanın danışıqlardan qaçdığını dedim. Sualların əksəriyyəti Dağlıq Qarabağ münaqişəsi haqqında idi. Müzakirələrin sonunda Ermənistanın Belçikadakı səfirliyinin nümayəndəsi çıxış edərək bildirdi ki, mən çox təssüf edirəm ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin vitse-prezidenti öz çıxışının böyük bir hissəsini Dağlıq Qarabağ münaqişəsinə həsr etdi", -deyə A.Hacıyev vurğulayıb.

Onun fikrincə, enerji layihələrinin təhlükəsizliyi Qara dəniz regionunda sabitliyin təmin olunması, münaqişələrin həlli, demokratiyanın inkişafı, bölgəyə yüksək texnologiyaların gətirilməsi ilə bağlıdır: "Avropa Parlamentinin nümayəndələri bu məsələdə bizim mövqeyimizi dəstəklədilər".

O deyib ki, Avropa Parlamentində keçirdikləri görüşlər bu gün də davam edəcək və orada Qara dəniz regionunda təhlükəsizliyin təmin olunması məsələsi müzakirə olunacaq.

Asəf Hacıyevin başçılıq etdiyi QİƏPM nümayəndə heyətinə qurumun digər vitse-prezidenti Konstantinos Aqorastos (Yunanıstan) və beynəlxalq katibliyin baş katibinin müavini Aleksandr Furman daxildir.

Xəbər lenti

Xəbər lenti