...

Azad Demokratlar Birliyinin sədri: "Süni şəkildə partiya yaratmaq fikrində deyilik"

Siyasət Materials 11 May 2007 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azad Demokratlar Birliyi" partiyasının təsis prosesi ləng gedir, bu da cəmiyyətdəki ictimai, siyasi proseslərin ləng inkişafı ilə bağlıdır. Bu barədə cümə günü "Azad Demokratlar Birliyi" Təşkilat Komitəsinin sədri, millət vəkili Əli Məsimov açıqlama verib.

Məsimov bildirib ki, Azərbaycanın maraqlarının reallaşmasına çalışan, ölkənin intellektual potensialını birləşdirən, ralikallıqdan və siyasi məddahlıqdan uzaq mərkəzçi bir partiya yaradılması məqsədi qarşıya qoyulub. Ona görə də bu partiyanın təsis qurultayının keçirilməsi prosesi yubanır: "Biz süni şəkildə, sırf təşkilat yaratmaq məqsədilə partiya yaratmaq fikrində deyilik. Bizim məqsədlərimiz yeni ideyalara əsaslandığı üçün onların həyata keçirilməsi ağır və uzun vaxt tələb edən bir prosesdir. Elm tutumlu fikirlərin, ideyaların reallaşdırılması vaxtı çatanda, lazım olan sayda bazanı topladıqda tədbirimizi həyata keçirəcəyik. Əks halda, özümüzü və cəmiyyəti aldatmaq fikrindən uzağıq"-deyə Məsimov bildirib.

O, həmçinin indiki müxalifətin siyasətinin qaneedici olmadığını, buna görə də müxalifətdən ayrılaraq öz partiyasını yaratmaq qərarına gəldiyini deyib. Millət vəkilinin sözlərinə görə, beş-on nəfərlik sosial baza ilə böyük, pafoslu iddiaları həyata keçirmək olmaz.

"Azad Demokratlar Birliyi" adlı partiyanın təsis olunması üçün bir neçə il əvvəl Təşkilat Komitəsi yaradılıb. Məsimov əvvəllər müxalifətçi Azərbaycan Xalq Cəbhəsi Partiyasının "klassiklər" qanadında təmsil olunub.

Xəbər lenti

Xəbər lenti