Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın Cənubi Qafqaz Parlamentlərarası Təşəbbüs Qrupuna sədrliyi müddəti uzadılıb. Bu barədə bazar ertəsi Bakıda Azərbaycanın Cənubi Qafqaz Parlamentlərarası Təşəbbüs Qrupundakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov məlumat verib.
Novruzov qeyd edib ki, Ermənistandakı parlament seçkiləri ilə əlaqədar olaraq qurumun toplantıları bir müddət təxirə salınıb: "Belə ki, orada deputatlara mandatlar verilməlidir və bu təsdiqlənməlidir. Artıq bu işə başlanılıb. Mandatlar təsdiqləndikdən sonra Cənubi Qafqaz Parlamentlərarsı Təşəbbüs Qrupundakı deputatlar müəyyənləşəcək. Məhz bundan sonra biz yenidən fəaliyyətimizi davam etdirəcəyik".
Qurumun növbəti toplantısında hansı məsələlərin müzakirə ediləcəyinə gəlincə, nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, iclasda əsasən təşkilati məsələlər müzakirə olunmalıdır: "Hazırda sədrlik Azərbaycandadır. Ancaq biz belə bir qərar qəbul etdik ki, Ermənistanda parlament seçkiləri qurtardıqdan sonra bu müddət yenidən uzadılsın və sədrlik yenidən Azərbaycanda qalsın. Bu zaman bir il müddətinə nəzərdə tutulub".
Onun sözlərinə görə, yaxın vaxtlarda prezidium yığışaraq növbəti toplantıda hansı məsələlərin müzakirə olunacağını dəqiqləşdirəcək.
Cənubi Qafqaz Parlamentlərarası Təşəbbüs Qrupu Böyük Britaniyanın LİNKS qeyri-hökumət təşkilatının təşəbbüsü ilə təsis olunub. Qurumda Cənubi Qafqazın hər üç ölkəsi- Azərbaycan, Gürcüstan və Ermənistanı təmsil edən deputatlar təmsil olunurlar (hər bir ölkədən on deputat). Bu ilin yanvarından etibarən Cənubi Qafqaz Parlamentlərarası Təşəbbüs Qrupuna Azərbaycan sədrlik edir.