...

Azərbaycanın müxalifət bloku prezident seçkilərinə vahid namizədlə qatılacaq

Siyasət Materials 14 Avqust 2007 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə / "Azadlıq" bloku sentyabr ayından etibarən 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək vahid namizədini müəyyənləşdirmək üçün müzakirələrə başlayacaq. Bu barədə çərşənbə axşamı Bakıda məlumat verən "Azadlıq" blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qeyd edib ki, blokun vahid namizədinin müəyyənləşdirilməsində heç bir problem olmayacaq.

Hazırda müxalifət düşərgəsində 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılır. Analoji müzakirələr əvvəllər də aparılsa da, heç bir müsbət nəticə verməyib.

Müşahidəçilər hesab edirlər ki, müxalifətin prezident seçkilərində uğur qazanmasının yeganə yolu vahid namizədlə seçkilərə qatılmaqdır. "Azadlıq" blokunda təmsil olunan üç partiyadan ikisinin sədri (AXCP sədri Əli Kərimli və Milli Birlik Hərəkatının lideri Lalə Şövkət) prezidentliyə iddialıdırlar.

"Azadlıq" blokunun rəhbərliyi bəyan edir ki, seçki qanunvericiliyi dəyişdirilməyəcəyi və seçki komissiyaları paritet əsaslarla formalaşdırılmayacağı təqdirdə qarşıdan gələn seçkilərə qatılmayacaqlar. Əliyev vurğulayıb ki, əgər bu məsələlər həyata keçirilsə, qısa müddətdə vahid namizədi müəyyənləşdirəcəklər.

"Müxalifət seçki ərəfəsində müxtəlif mənasız mövzuları müzakirəyə çıxarmaqla özünü gündəmdə saxlayır". Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi ilə bağlı aparılan müzakirələrinə münasibət bildirərkən belə deyib: "YAP üçün qarşıda seçki və partiya namizədinin qələbəsinin təmin edilməsi daha vacibdir. Seçki kampaniyasının gedişində rəqiblərimizin kim olacağı hadisələrin gedişatından asılıdır. Həmin rəqiblərlə yalnız siyasi müstəvidə yarışımızı davam etdirəcəyik".

"Azadlıq" blokunda müxalifəti təmsil edən Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf partiyaları və Milli Birlik Hərəkatı təmsil olunur. Blok 2005-ci lin parlament seçkiləri dövründə yaradılıb.

Xəbər lenti

Xəbər lenti