Azərbaycan, Bakı/ Trend , müxbir B.Məmmədov/ Azərbaycan şahmatçılarının noyabrın 23-də Xantı-Mansiyskdə başlayan Dünya Kubokundakı rəqibləri müəyyənləşib. Azərbaycan Şahmat Federasiyasının mətbuat katibi Tural Baxışovun Trend ə bildirdiyinə görə, cütlüklər yarışın iştirakçılarının reytinqi əsasında müəyyən olunub. 128 şahmatçı arasında reytinqinə görə ikinci olan Şəhriyar Məmmədyarov birinci oyununda 127-ci şahmatçı-misirli Abdel Ravik Xaledlə görüşəcək.
Rusiyalı Vladimir Qenba Teymur Rəcəbovun rəqibidir. 2006-cı ildə Avropa Çempionatında bu yarışda iştirak hüququ qazanmış Azərbaycan şahmat məktəbinin daha bir nümayəndəsi-- Rauf Məmmədov siyahıda 83-cüdür. O, daha güclü rəqiblə - Rusiyadan olan Yevgeni Tomaşevski (46-y) ilə qarşılaşacaq.
Yarış Olimpiya sistemi üzrə keçiriləcək. Gözlənildiyi kimi, turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının vitse- prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənovdur.