...

Səsyazma studiyaları agentliyin müraciətinə reaksiya verməyiblər

Cəmiyyət Materials 30 Oktyabr 2007 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /müx. TrendLife Günel Əhmədova

Folklor nümunələrindən istifadə qaydalarının pozulması hallarının qarşısını almaq məqsədilə, Müəllif Hüquqları Agentliyinin ölkədə fəaliyyət göstərən səsyazma studiyalarına etdiyi müraciətə müsbət reaksiya verilməyib. Yəni, heç bir studiya istehsal etdiyi audio-video kaseti və yaxud SD, DVD nüsxəsini təqdim etməyib. Qeyd edək ki, agentlik belə nüsxələri məcburi almaq üçün heç bir inzibati hüquqlara malik deyil. Proses belə davam etsə, qurum fərdi qaydada səsyazma studiyalarına yenidən müraciət edərək, əməkdaşlıq çərçivəsində işini davam etdirəcək. TrendLife-ın məlumatına görə, agentliyin xalq mahnıları və rəqsləri, aşıq havaları və digər folklor nümunələri yazılmış kasetlərin bir nüsxəsini istəməsinə səbəb, mütəxəssislər tərəfindən aparılan araşdırmalar zamanı aşkar edilən qanun pozuntularının aradan qaldırılmasıdır. Yeri gəlmişkən, Müəllif Hüquqları Agentliyi tərəfindən aparılan araşdırmalar zamanı surəti icazəsiz çıxarılaraq satılan kitablar aşkar edilib. Agentlikdən TrendLife-a verilən məlumata görə, aşağı keyfiyyətlə hazırlanan belə kitablar insan sağlamlığı üçün zərərli olan kağız, boya və digər materiallardan istifadə edilir. Həyata keçirilən reydlər zamanı Səttar Allahverdiyev və Əli Haqverdiyevin birgə müəllifləri olduqları "Ümumi tarix" kitabının surətini qanunsuz çoxaldaraq, şəhərin müxtəlif satış məntəqələrində satılması faktı aşkar edilib. Nəticədə, müəlliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi yardım göstərilib. Müəlliflərdən biri-Allahverdiyev artıq məhkəməyə müraciət edib. Öyrəndik ki, Müəllif Hüquqları Agentliyi tərəfindən piratçılıqla mübarizə məqsədilə, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında" qanun layihəsi hazırlanıb və baxılmaq üçün müvafiq orqanlara göndərilib. Bundan başqa, "Müəllif hüququ və əlaqəli hüquqlar haqqında" Qanuna əlavə və dəyişikliklərin edilməsi, "Rəqəmli şəbəkədə yayım təşkilatlarının hüquqlarının qorunması haqqında", "Əsərlərin dövlət varidatı elan edilməsi haqqında", "Şəxsi məqsədlər üçün fonoqrama yazılmış əsərlərin və audiovizual əsərlərin surətinin çıxarılmasına görə müəllif qonorarının minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi qaydaları haqqında" normativ aktların layihələri Nazirlər Kabinetinə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti