...

Qobustan həbsxanasında məhbuslar etiraz olaraq özlərinə xəsarət yetiriblər

Cəmiyyət Materials 7 Dekabr 2007 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qobustan qapalı həbsxanasında cəza çəkən 40-a yaxın məhbus üzləşdikləri təzyiqlərə etiraz olaraq özlərinə xəsarət yetiriblər. Bu barədə Trend ə məhbusların qohumları məlumat veriblər.

Məhbusların yaxınlarının dediyinə görə, Qobustan həbsxanasının rəisi Kazım Abdullayev, əməkdaşları Akif Rəhimov və Azər adlı şəxsdən şikayət ediblər. Məhbusların öz qohumlarına verdiyi məlumata görə, həbsxana əməkdaşları onları soyunduraraq döyüblər, sonra isə karsa salıblar.

Qohumlar bildiriblər ki, hazırda həbsxanada olan 6 karsın hamısı məhbuslarla doludur.

Məhbusların ötürdüyü məlumata görə, həbsxana əməkdaşları kameralara girib onlara təzyiq göstərmək üçün səbəb axtarır və ən xırda nöqsan aşkarlayan kimi döyməyə başlayırlar. 40-a yaxın məhbus buna etiraz olaraq müxtəlif kəsici alətlərlə özlərinə xəsarət yetiriblər. Bildiriblər ki, təzyiqlər davam edərsə, aclıq aksiyasına və digər etiraz tədbirlərinə başlayacaqlar.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov Trend ə açıqlamasında bu məlumatları təkzib edib. Onun sözlərinə görə, Qobustan həbsxanasında nə məhbusların döyülməsi, nə də onların özlərinə xəsarət yetirməsi hadisəsi baş verib: "Ümumiyyətlə, həbsxanada qanunda nəzərdə tutulan cəza tədbirləri olur, məhbuslara töhmət verilir, amma onların döyülməsinə isə yol verilmir. Mənim bu gün həbsxananın rəisi, əməkdaşları ilə görüşüm olub və belə bir hadisə baş verməyib" - deyə Sadıqov bildirib.

Məhbusların yaxınlarının dediyinə görə, Qobustan həbsxanasında məhkumlara təzyiq halları ilk dəfə deyil. Bundan əvvəl də onlar məqsədli şəkildə incidilib. Lakin əvvəlki hadisələrlə bağlı həbsxana rəhbərliyi KİV-ə açıqlamasında bildirmişdi ki, məhbuslar sadəcə diqqəti özlərinə cəlb etmək üçün belə yalan məlumatlar ötürürlər.

Xəbər lenti

Xəbər lenti