...

Avropa Məhkəməsində Azərbaycana qarşı çıxarılan qərarlar köhnə sovet qanunları əsasında baxılmış işlərlə bağlıdır -ədliyyə naziri (video)

Cəmiyyət Materials 10 Dekabr 2007 14:09 (UTC +04:00)
Avropa Məhkəməsində Azərbaycana qarşı çıxarılan qərarlar köhnə sovet qanunları əsasında baxılmış işlərlə bağlıdır -ədliyyə naziri (video)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Avropa Məhkəməsində Azərbaycana qarşı çıxarılan qərarlar köhnə sovet qanunları əsasında baxılmış işlərlə bağlıdır.

Bunu bazar ertəsi jurnalistlərə açıqlamasında ədliyyə naziri Fikrət Məmmədov deyib.

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycana qarşı 9 qərar çıxarıb. Həmin qərarların əksəriyyətində Əsas İnsan Haqları və Azadlıqları Haqqında Avropa Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6) pozulduğu qeyd olunub.

Ədliyyə naziri bildirib ki, həmin işlərlə bağlı Azərbaycan məhkəmələri sovet dövründə qəbul olunmuş qanunlara uyğun qərar qəbul edib.

"Sovet dövründən qalan qanunlar demokratik cəmiyyətin qanunlarına uyğun gələ bilməz. Avropa Məhəməsində baxılmış işlərlə bağlı çıxarılmış qərarlar da bu səhvlərlə bağlıdır. İndi Azərbaycanın bu sahədəki qanunvericiliyi daha da təkmilləşdirilib" -deyə nazir vurğulayıb.

Avropa Məhkəməsinin Azərbaycana qarşı çıxardığı qərarların ikisi qeyri-hökumət təşkilatlarının qeydiyyatı, ikisi məhkəmə qərarlarının icra olunmaması, biri pis rəftar və işgəncələrə məruz qalınması, biri mülkiyyət hüququnun pozulması ilə bağlıdır.

Azərbaycan Əsas İnsan Haqları və Azadlıqları Haqqında Avropa Konvensiyasını 2001-ci ilin yanvarında ratifikasıya edib. Həmin ildən sonra Azərbaycan vətəndaşları Avropa Məhkəməsinə müraciət etmək hüququ qazanıblar.

Xəbər lenti

Xəbər lenti