...

Bəstəkar Nailə Mirməmmədlini Məkkədə oğurlamaq istəyiblər

Cəmiyyət Materials 11 Yanvar 2008 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar/müx. TrendLife Fəridə Məhərrəmqızı/

Yenicə başa çatan müqəddəs Həcc ziyarətinə Azərbaycandan gedib-gələn zəvvarlar arasında mədəniyyət sahəsində tanınmış şəxslər də var. Onlardan biri də bəstəkar, əməkdar incəsənət xadimi Nailə Mirməmmədlidir. Nailə xanım Həcc səfəri ilə bağlı təəssüratlarını hamıdan öncə TrendLife-la bölüşdü.

-Nailə xanım, Həcc ziyarətinə getmək əvvəldən niyyətinizdə vardı, yoxsa son vaxtlar həyatınızda baş verən hadisələrdən sonra bu fikrə düşdünüz?

-Mənim üçün bu ziyarət həmişə əlçatmaz olub. Rəhmətlik həyat yoldaşım Hikmətlə birlikdə mütəmadi olaraq Bakı kəndlərindəki müqəddəs ziyarətgahlara gedirdik. Bakıda ən çox getdiyim ziyarətgah Mirmövsüm ağanın ocağı olub. Həcc ziyarəti zamanı isə ulu Tanrıdan Azərbaycan xalqına əmin-amanlıq, ailəmə can sağlığı dilədim. Bundan başqa Allahdan daha bir diləyim oldu-hər kəs bir-biri ilə mehriban olsun. Çünki həmin ziyarətdə olduğum zaman tək bir şeyi başa düşdüm ki, bu dünyada heç nə əbədi deyil. Pul, var-dövlət və s. İnsan bu dünyadan gedəndə rəhmətdən başqa bir şey aparmır.

-Ziyarət zamanı hansı hissləri keçirirdiniz? Nə kimi yadda qalan hadisələr oldu?

-Mən Kəbəni uzaqdan görəndə qeyri-ixtiyari gözümdən yaş gəldi. Özüm də başa düşmədim ki, bu nə ağlamaqdır. Sevinc göz yaşıdır, yoxsa qorxu. Bəlkə də Allaha yaxın məkana daxil olduğum üçün bu hissləri keçirdim. Mən son vaxtlar nadir hallarda ağlayıram.

Orada elə adamlar yuxularma girirdi ki, onları çoxdandır xatırlamırdım. Bəstəkar Vüqar Əhmədin adı tez-tez dilimə gəlirdi. Kim bilir, bəlkə də bu bir siqnaldır ki, o da Həccə getməlidir. Həcc səfərim zamanı yadda qalan bir hadisəni də sizə danışım. Çünki bunu heç kimə söyləməmişəm. Az qalmışdı ki, məni orada oğurlasınlar. Bilirsiniz, ordakı yeməklərə mən heç cür öyrəşə bilmirdim. Qərara gəldim ki, çıxıb bir az bazarlıq edim, otelə qayıdıb yemək bişirim. Bazarlıqdan qayıdanda gördüm yolun kənarında maşın dayanıb. Onun yanından keçəndə maşından iki nəfər qara dərili adam düşdü. Sonra onların hər ikisi qoluma girdi. Fikirləşdim yəqin kömək etmək istəyirlər. Sonra gördüm ki, onlar mənə ərəb, türk, fars olmağım barədə suallar verirlər. Başa saldım ki, azəriyəm. Başladılar mənimlə türk dilində danışmağa. Dedilər gəl otur maşına səni istədiyin yerə aparaq. Onda anladım ki, bunların fikri başqadır. Bir bəhanə ilə aradan çıxdım. İnanın, elə qorxmuşdum ki, qaldığımız otelin yolunu da azmışdım. Nə isə, bir təhər gəlib otelə çatdım.

-Səfər müddətində hansı tanınmış şəxslərlə yol yoldaşı oldunuz?

-Çox sevindirici haldır ki, incəsənət xadimlərinin çoxu bu il Həcc ziyarətinə getmişdilər. Tanınmış müğənni Azər Zeynalov öz yoldaşı ilə, gənc ifaçı Ruhi, millət vəkili Qənirə Paşayeva, opera solisti Səfa Qəhrəmanov, aktyor Mehriban Xanlarova.

Onu da qeyd edim ki, səfər zamanı rastlaşdığım bəzi olaylardan dəhşətə gəldim. Bizimlə bərabər gedən zəvvarlardan bəzilərinin məqsədi ziyarət deyil, ticarət etmək idi. Onlar nə namaz qılırdı, nə şeytana daş atma mərasimində iştirak edirdilər. Müşahidə edirdim ki, onlar dükan-bazardan aldıqları şeyləri topdan götürürdülər. Özümlə bağlı digər xoşəgəlməz olay pul kisəmin oğurlanması oldu. Pul kisəmdə 2000 real pul vardı ki, bu da 600 ABŞ dolları edir.

-Mümkündürmü Həcc ziyarətinin təəssüratı nəticəsində hansısa yeni mahnı bəstələyəsiniz?

-Mən Məkkədə olanda azan səsini eşidərkən az qalırdım dəli olum. Orda azan Şur-şahnaz müğamı üzərində verilirdi. Onu yalnız mən başa düşürdüm. Düşünürdüm ki, bu boyda yerdə piano olsaydı, ifa edərdim. Ürəyim dolu idi. Bura gələn kimi pianonun arxasına keçəndə mahur segahı üzərində verilən azan yadıma düşdü, onu ifa etdim.

-Əgər belə mahnı yaranarsa, onu daha çox kimin ifasında dinləmək istərdiniz?

-Ruhinin, Azər Zeynalovun, Nazpəri xanımın, Mələkxanım Əyyubovanın ifasında dinləmək istərdim. Hikmətlə mənim dini mahnılarımız çoxdur. On il bundan əvvəl mən "Kəbə" mahnısını yazmışdım. Onu o vaxt rəhmətlik Elçin Cəlilov ifa etmişdi. Sonra bir çox dini mahnılarımız var ki, "Əhli-beyt" qrupu ifa edir.

- Bəs, Yeni ili necə qeyd etdiniz?

-Keçən il mənim üçün çox ağır oldu. Həm Hikməti, həm də anamı itirdim. Yeni ili tək qarşıladım. Qohumlar məni uşaqlarımla qonaq dəvət etmişdi. İstəmədim. Çünki hiss edirdim ki, Hikmətin ruhu evdədir. O, həmişə bütün bayramları öz evimizdə keçirməyi sevirdi.

-Yaradıcılıqla bağlı 2007-ci ildən qalan yarımçıq işləriniz varmı?

-Yarımçıq çox işlərim qalıb. Çünki keçirdiyim streslər məni bir az işdən uzaqlaşdırdı. Bir az yaradıcılığımda fasilə verdim. Fikrim çox yayınmışdı. Üzdən çox sakit görünsəm də, içimdə çox ağlayıram. Məkkəyə gedib-gəldikdən sonra isə çox sakitləşmişəm.

-2008-ci il üçün yaradıcılıq planlarınız nədən ibarət olacaq?

-Yarımçıq qoyduğum işləri bitirməyə çalışacam. Məktəblilər, gənclər üçün mahnılar bəstələyəcəm. Oktaybr ayında isə Heydər Əliyev sarayında konsert verməyi düşünürəm.

Xəbər lenti

Xəbər lenti