Azərbaycan, Bakı, 11 yanvar /müx. TrendLife Şahin Cavadsoy
Gürcü qızı Manananın toy öncəsi sərt mesajını yəqin ki, şou-biznesdən yazan jurnalistlərimiz unutmayacaq.Yadınıza salaq, xanım Caparidze bir neçə ay bundan öncə sərt bəyanatla çıxış edib söyləmişdi ki, toyu zamanı jurnalistlər "silahları"ndan məhrum olmuş şəkildə onun qonağı olacaqlar. Bəyanatın sərt olmasına baxmayaraq, dəvətli olan media mənsubları heç də Manananın bu istəyini ciddiyə almadılar.
Gürcü qızının bu açıqlamasını toy tədarükündə olan əməkdar artist Aygün Kazımova da dəstəkləyir. TrendLife-a danışan müğənni, Manananı müdafiə edir: "Bu çox gözəl ideyadır. Mən də Namiq Qaraçuxurlu ilə toyuma bir neçə ay qalmış jurnalistlərə mesajımı ünvanlayacam. 26 yanvarda baş tutacaq doğum günüm mərasimi istisna olmaqla, Namiqlə evlənəcəyim anda istəmirəm yanımızda jurnalistlər olsun. Amma hamınız əmin olun ki, toydan sonra əlinizdə toy haqqında kifayət qədər material olacaq. Bunu da mənim etirazım kimi qəbul edin".