Azərbaycan, Bakı,14 yanvar / Trend , müxbir Z.Səfərov/ Qadınlardan ibarət "AzərReyl" voleybol klubu Çempionlar Liqasının son oyununa Bakıda hazırlaşacaq.
Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi məlumata görə, komanda "Fənərbaxça" ilə səfər qarşılaşması öncəsi təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə getməyi planlaşdırmır. Klub İstanbula oyundan bir gün əvvəl gedəcək. Oyun yanvarın 23-də baş tutacaq.
"Komanda yeni ilə uğurla başlayıb. Belə ki, klub "Azercell. Qış-2008" beynəlxalq turnirinin qalibi olub. Yarışda komandanın əsas rəqibi tanınmış "Uraloçka" klubu olub. Yekaterinburq voleybolçuları ilə Bakıda və Qubada birgə təlim-məşq toplanışları keçirən klub paytaxta qayıdıb. Burada komanda Avrokubok oyununa hazırlığı davam etdirir" - deyə Gözəlbəyli bildirib.
"AzərReyl" qrupda "Fənərbaxça"nı qabaqlayaraq, üçüncü yerdə qərarlaşıb.