...

Almaniyanın Offenbax Mərkəzi Kitabxanasında Azərbaycan bölməsi açılıb

Cəmiyyət Materials 24 Aprel 2008 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın eks-prezidenti Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində Frankfurt-Azərbaycan Cəmiyyətinin və Almaniyanın Offenbax şəhər meriyasının təşəbbüsü ilə Offenbax Mərkəzi Kitabxanasında Azərbaycan kitabları bölməsi açılıb. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycanın Almaniyadakı səfirliyinin yardımı ilə açılan bu bölməyə Azərbaycan, türk, alman, ingilis və rus dillərində çap olunmuş, Azərbaycanın qədim tarixini, mədəniyyətini və bugünkü iqtisadi, siyasi, mədəni həyatını əks etdirən 500-dək kitab  hədiyyə edilib.

Tədbirə Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov və səfirliyin əməkdaşları, Offenbax şəhərinin meri Horst Şnaider, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası İdarə Heyətinin sədr müavini Başar Kömür, Frankfurt-Azərbaycan Cəmiyyətinin sədri Kəmalə İsgəndərova, Türkiyənin Frankfurtdakı konsulluğunun əməkdaşları və digər qonaqlar qatılıblar.

Açılış mərasimində çıxış edən səfir Pərviz Şahbazov bildirib ki, Avropada ilk dəfə olaraq Offenbax şəhər mərkəzi kitabxanasında Azərbaycan kitab bölməsinin açılması dünyanın aparıcı dövlətlərindən biri olan Almaniya ilə Azərbaycan arasında münasibətlərin inkişafına gərəkli töhvədir.

Offenbax meri Horst Şnayder isə bu tədbiri rəhbərlik etdiyi şəhərin mədəni həyatında böyük hadisə adlandırıb və qeyd edib ki, müxtəlif xalqların nümayəndələrinin yaşadığı Offenbax şəhərinin sakinləri mərkəzi kitabxanaya hədiyyə edilmiş bu kitablar vasitəsi ilə Azərbaycanı daha yaxşı tanıya, bu ölkənin keçmişi və indiki siyasi, iqtisadi və mədəni həyati ilə daha yaxından taniş ola biləcəklər. Mer bu hadisənin Almaniya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında və möhkəmlənməsində daha bir körpü olduğunu bildirib.

Tədbirdə Bakının dünənini və bu gününü, Azərbaycanın təbiətini, adət-ənələrini, milli mətbəxini, həmçinin iqtisadi yüksəlişini əks etdirən "Azərbaycan'" filmi nümayiş olunub.

Kitab bölməsinin açılışı Almaniyada keçirilən Azərbaycan mədəniyyəti ilinin tərkib hissəsidir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti