Azərbaycan, Bakı, 16 may /müx.TrendLife Şahin Cavadsoy/
Əməkdar artist Nisə xanım Qasımovanın dünəndən etibarən "Əlimi tut, səninləyəm" adlı xeyriyyə aksiyaları başladı. 15 may "Beynəlxalq ailə gününə" təsadüf edən birinci tədbir, "Qızıl Qaya" restoranında keçirildi. "Birliyə doğru"-əlil və kimsəsiz uşaqlara qayğı ictimai-birliyinin təşkilatçılığı ilə baş tutan xeyriyyə aksiyasında Bakının Mərdəkan qəsəbəsində yerləşən 2 saylı İnternat Evinin sakinləri üçün yemək süfrəsi açıldı. 100-dən artıq uşağın əyləndiyi tədbir, həm də Nisə xanımın səhnə fəaliyyətinin 36-cı ildönümü ilə üst-üstə düşürdü. TrendLife-a danışan Nisə xanım, sevincini bu sözlərlə ifadə etdi: "Bu gün bir başqa həyəcan hissi yaşayıram. İlk növbədə bu aksiyanı ərsəyə gətirməkdən ötrü mənə yardımçı olan insanlarla təşəkkür edirəm. Başda Rusiyada yaşayan iş adamı Namiz Gülümov olmaqla, bütün xeyriyyə tərəfdarı olan insanlara Allah özü yardımçı olsun".
"Birliyə doğru"-əlil və kimsəsiz uşaqlara qayğı ictimai-birliyinin rəhbəri Zərifə Quliyeva, digər sənətçiləri də onlara qoşulmağa səslədi: "Nisə xanım həmişə bizim tədbirlərimizin əvəzolunmaz qonağı olub. Onun bu missiyasını hər birimiz ürəkdən alqışlayırıq. Qoy digər incəsənət xadimləri-müğənnilər də bizim aksiyalarımıza qoşulsunlar".
Sonda N.Qasımovanın prodüseri Hüseyn Cavadzadə TrendLife-a bildirdi ki, başlanılan "Əlimi tut, səninləyəm" adlı xeyriyyə aksiyasının davamı, çox yaxın günlərdə başqa müstəvidə davam etdirləcək.