Azərbaycan, Bakı, 24 iyun/ Trend , müxbir E.Babayev/ Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıc və səfirliyin əməkdaşları Azərbaycan xalqına müraciət ediblər. "Türk Milli Futbol Komandasının 20 iyun tarixində Avropa Futbol Çempionatında oynadığı 1/4 final matçında qələbə qazanaraq yarım finala vəsiqə qazanmasının Bakı küçələrində təmtəraqlı bir şəkildə qeyd edilməsi, Ümummilli lider Heydər Əliyevin "bir millət , iki dövlət" sözünün təsdiqi kimi ,həm matçın oynandığı stadionda, həm də matç bitdikdən sonra Bakı küçələrində hər iki dövlətin bayraqlarının bir yerdə dalğalanması, böyük sevinç və fəxr hissi ilə qarşılanıb" - deyə səfirin çərşənbə günü yaydığı məlumatda deyilir.
Trend -un arayışı: Türkiyə millisinin Xorvatiya millsi üzərində qələbə qazanaraq yarımfinala yüksəlməsi Azərbaycanda böyük çoşqu ilə qeyd edilib. Minlərlə azarkeş gecə saatlarında paytaxt Bakının küçələrinə çıxaraq, qələbəni qeyd ediblər.
Səfir təbriklərə qoşulan bütün qardaşlarımıza və şənliklərin problemsiz şəkildə davam etməsi üçün şərait yaradan bütün səlahiyyətli şəxslərə böyük Türk milləti adından minnətdarlığını bildirib. "Millətimizin belə sevinç nümayişlərini tez-tez yaşamasını arzu edirik" - deyən səfir bəyan edib ki, Bakının qəlbinin İstanbul, Ankara və digər türk şəhərləri ilə eyni həyəcanla döyünməsi ilə Ulu öndər Atatürkün "Azərbaycanın sevinci bizim sevincimizdir, kədəri bizim kədərimizdir" sözləri yenidən xatırlandı və Türkiyənin sevincinin Azərbaycanın da sevinci olduğu bir daha öz təsdiqini tapdı.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]