...

Xaricdən mütəxəssislər dəvət etməyi düşünürük – xalq artisti Teymur Göyçəyev

Cəmiyyət Materials 4 İyul 2008 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul /TrendLife müx. Günel Əhmədova

Yerli musiqiçilərin maddi sıxıntıları olduğu halda, xaricdən simfonik orkestrlərdə, ansambllarda çalışmaq üçün paytaxtda yüksək qonararla musiqiçilər dəvət olunurlar. Belə bir seçimlə isə bəzi peşəkarlarlar razılaşmırlar. Məsələyə münasibətinin bildirən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və dirijoru, xalq artisti Teymur Göyçəyev TrendLife-a bunları sğylədi:

- Əslinə qalsa, bu seçimlə mən də razı deyiləm. Lakin gəlin buna görünməyən tərəfindən baxaq. Məsələ ondadır ki, bizdə yüksək səviyyədə çox az musiqiçi yetişdirilir. İstedadlıların əksəriyyəti müəllimliyə, ciddi yaradıcılığa meyil göstərmirlər. Həmçinin biliyini gənclərə öyrətmək istəməyən sənətkarlarımız da var. Fikrimi bir qədər sərtləşdirərək demək istəyirəm ki, bəzən Konservatoriyadan elə tələbələr çıxır ki, şikəst ifaçı rolunu oynayır. Yəni, onun imkanları orkestrdə çalışacaq qədər yüksək olmur. Onları ümumiyyətlə, ali məktəbin qapısından içəri buraxmaq yanlışdır:

- Çıxış yolunu nədə görürsünüz?

- Bunun günahını eyni zamanda müəllimlərdə də görürəm. Tələbələri öyrətmək əvəzinə onları məhv edənlər də var. Çünki bir az əvvəl qeyd etdiyim kimi bəzi sənətkarlar öyrəndiklərini öyrətmək istəmirlər. Bir faktı diqqətinizə çatdırım. Elə skripka ifaçıları tanıyıram ki, müəllimi hətta aləti necə tutmağı onlara dəqiqliyi ilə öyrətməyib. Bu faktı ona görə deyirəm ki, mən özüm də skiripkaçıyam və səhvi tuta bilirəm. Qeyd etdiyim nüanslar bizi məhvə doğru aparır. Bu istiqamətdə ciddi düşünmək lazımdır. Çıxış yoluna gəlincə, artıq bizim bir ideyamız var. Əgər dövlət bu işdə maraqlı olarsa, yəni maddi yardım göstərərsə, Moskvadan, Sankt-Peterburqdan mütəxəssislər dəvət etməyi düşünürük. Bu addımı sırf incəsənətin inkişafı naminə atırıq. Bu gün üçün başqa çıxış yolu görə bilmirəm.

- Fikrinizcə, sadaladığınız məsələlər musiqi alətlərinin ifaçılarınıəhatə edir, yoxsa problem çoxşaxəlidir?

- Belə düşünmürəm. Zamanla bir çox peşələr üzrə axsamalar müşahidə olunur. Vurğulamaq istəyirəm ki, Azərbaycanın ölkədən kənarda təbliğatı gücləndirilib. Klassik musiqilərimiz barədə informasiyası olmayan bir çox ölkələrdə konsertlər təşkil olunur.

- Teatra yaxın olan sənət adamı kimi, yaşlı nəsillə gənc kadrların münasibətlərini necə qiymətləndirirsiniz? Söhbət, yaşı rola uyğunlaşmayan aktyorlardan gedir.

- Bu məsələ də,problem olaraq qalır. Bütün ölkələrin teatrlarında, xüsusi ilə opera sahəsində, repertuara uyğunlaşa bilməyən aktyor məsləhətçi olaraq teatrdakı işini davam etdirir. Leylinin partiyasını 40-50 yaşında qadının oynaması gülüncdür. Belələri Leylidən sonra onun anasını oynamaq istəmirlər.

- Dirijorluq məktəbinin səviyyəsindən necə, razısınız?

- Pessimist düşünmürəm. Çünki hazırda Rauf Abdullayev, Yalçın Adıgözəlov, Fəxrəddin Kərimov, Eyyub Quliyev və s. kimi yaşlı və gənc dirijorlarımız var. Eyni zamanda bizim məktəbimiz də var. Şəxsən mən çalışdığım musiqi məktəblərində onlarla tələbə yetişdirirəm. Amma onlar arasında barmaqla sayılacaq qədər istetadlı uşaqlar var.

Xəbər lenti

Xəbər lenti