...

Azərbaycanın transsərhəd çaylarının çirklənmə səviyyəsi artıb

Cəmiyyət Materials 3 Noyabr 2008 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi transsərhəd Kür və Araz çaylarının çirklənmə səviyyəsinin normadan dəfələrlə artıq olduğunu açıqlayıb.

"Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini dəfələrlə keçməsi müşahidə olunub", - bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin oktyabrın III ongünlüyü üçün keçirdiyi monitorinqin nəticələrinə dair yaydığı məlumatda bildirib.

Trend -un arayışı: Transsərhəd su hövzələri problemlərinin beynəlxalq normalar çərçivəsində regional səviyyədə həlli üçün Azərbaycan "Transsərhəd çaylar və göllərin mühafizə və istifadəsi" adlı Helsinki konvensiyasını ratifikasiya edib. Ermənistan və Gürcüstanın bu konvensiyaya qoşulmaması problemi çətinləşdirir.

Nazirliyin məlumatında qeyd edilib ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçayda suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 5 dəfə, Ağstafaçay su anbarında isə fenol və mis birləşmələri 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Biogen maddəllər və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Kür çayının Şıxlı-2 məntəqəsində 1.8, Ağstafaçayın Qazax məntəqəsində 1.6, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.

Aparılmış monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunub. Suyun əsas çirkləndiricilərindən olan fenollar çayın Horadiz və I Şahsevən məntəqələrində 3, Bəhramtəpə məntəqəsində 2 dəfə yol verilən qatılıq həddini keçib. Mis birləşmələri isə Horadiz, I Şahsevən və Bəhramtəpə məntəqələrində 3 dəfə yol verilən qatılıq həddini keçib.

Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının Horadiz məntəqəsində 1.2, Bəhramtəpədə 1.4, I Şahsevəndə 1.8 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Bunun da əsas səbəbi Ermənistan ərazisindən axıdılan çirkab sulardır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti