Azərbaycan, Bakı, 13 noyabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqov Türkiyənin "Boluspor" klubunda hazırda məxsus olduğu "Neftçi"dəkindən daha az məbləğdə pul qazanacaq.
"Mən Türkiyəyə futbol oynamaq, yenidən özümü göstərmək üçün gedirəm. "Boluspor"un mənə təklif etdiyi pulun məbləği elə də böyük deyil. "Neftçi"də qazandığım pul "Boluspor"un mənə təklif etdiyindən daha çoxdur", cümə axşamı Trend -a Sadıqov deyib.
Trend -un arayışı: Türkiyənin birinci liqasında çıxış edən "Boluspor" klubunun rəsmilərindən biri Sadıqova altı aylıq müqaviləyə görə 300 min dollar veriləcəyini bildirib.
Sadıqov deyib ki, o, "Boluspor"a 300 min dollardan çox az məbləğdə pulun qarşılığında transfer olunacaq.
"Boluspor"dan alacağım pulun məbləği 300 min dollardan qat-qat aşağıdır. Hazırda mən pulu yox, futbol oynamağı düşünürəm", - deyə müdafiəçi əlavə edib.
Futbolçu qeyd edib ki, hazırda "Neftçi" klubunun ona transfer vərəqini verməsini gözləyir.
Sadıqov hazırda "Neftçi" klubunun əvəzedici komandasında oynayır. O, əvvəllər Türkiyənin Superliqa klubu olan "Kayserispor"da çıxış edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]