...

Azərbaycan Ali Məhkəməsi hakimlər arasında korrupsiya halları ilə bağlı rəsmi faktların olmadığını açıqlayıb

Cəmiyyət Materials 27 Fevral 2009 11:47 (UTC +04:00)
Azərbaycan Ali Məhkəməsi hakimlər arasında korrupsiya halları ilə bağlı rəsmi faktların olmadığını açıqlayıb

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Ali Məhkəməsi ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqlarına dair yaydığı son hesabatda ölkədə məhkəmə sisteminin korrupsiyalaşması ilə bağlı fikirləri qəbul etmir.

"Hakimlərin rüşvət alması ilə bağlı söhbətlər məişət səviyyəsindədir. İndiyə qədər rəsmi şəkildə bizə bir şikayət belə verilməyib. Əgər belə bir şikayət daxil olarsa, bu araşdırılacaq", - Trend -un məlumatına görə, cümə günü Ali Məhkəmənin sədri Ramiz Rzayev keçirdiyi mətbuat konfransında bildirib.

Trend -un arayışı: ABŞ Dövlət Departamentinin hesabatında deyilir ki, məhkəmələr icra hakimiyyətindən asılı vəziyyətdədir, orada korrupsiya geniş yayılıb.

Rzayev deyib ki, indiyə qədər hakimlərin rüşvət almaları ilə bağlı Məhkəmə-Hüquq Şurasına bir şikayət belə daxil olmayıb.

Ali Məhkəmə sədri hesab edir ki, rüşvət alan hakimin ədalət məhkəməsində işləməsi yolverilməzdir.

"Məhkəmə-Hüquq Şurasının 2005-ci ildən bu günə qədər fəaliyyəti dövründə hakimlər barəsində 101 intizam icraatına başlanılıb, 75 hakim intizam qaydasında cəzalandırılıb", - Rzayev əlavə edib.

O, qeyd edib ki, hakimlər öz fəaliyyətlərində, davranışlarında və həyat tərzlərində bütün cəmiyyətə nümunə olmalıdırlar.

"Azərbaycan suveren dövlətdir. Ədalət mühakiməsi vətəndaşlarımızın xidmətindədir. ABŞ Dövlət Departamentinin insan hüquqları ilə bağlı hesabatı onların öz işləridir", - Rzayev deyib.

Azərbaycanda 470 hakim var, 3 pilləli məhkəmə sistemi mövcuddur.   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti