...

Gürcüstan Azərbaycana diaspor siyasəti sahəsində əməkdaşlıq təklif edib

Cəmiyyət Materials 5 Mart 2009 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir C.Babayeva /

Gürcüstan Azərbaycana diaspor siyasəti sahəsində memorandum imzalamağı təklif edib.

Azərbaycanın Diasporlarla İş üzrə Dövlət Komitəsinin yaydığı xəbərə əsasən, Gürcüstanın diaspor işləri üzrə dövlət naziri Yulian Qoqaşidze Azərbaycanın Diasporlarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla cümə axşamı baş tutan görüşdə diaspor siyasəti sahəsində əməkdaşlıq barədə memorandum imzalamaq təklifi ilə çıxış edib.

"Memorandum Azərbaycan və Gürcüstan diasporlar təşkilatları arasında əlaqələrin inkişafına xidmət edə bilər", - Qoqaşidze deyib.  

Gürcüstan dövlət naziri gürcü diasporunun fəaliyyəti və vəziyyəti ilə tanış olmaq məqsədi ilə Azərbaycana gəlib. Qoqaşidzenin səfəri Azərbaycanın Dövlət Komitəsinin sədri İbrahimovun dəvəti nəticəsində baş tutub.

Gürcüstan dövlət naziri ölkəmizdə martın 7-dək qalacaq. Qoqaşidzenin Azərbaycanın mədəniyyət və turizm, təhsil nazirləri ilə görüşü planlaşdırılıb. Səfər çərçivəsində Gürcüstan dövlət naziri Azərbaycanın gürcülərin kompakt yaşadıqları Qax, Balakən, Zaqatala rayonlarını ziyarət edəcək. 

İbrahimov Azərbaycan və Gürcüstan diasporlarının əməkdaşlığının vacibliyini qeyd edib.

"Azərbaycan arzu edir ki, gürcü diasporu dünyanın bir çox diasporları kimi Azərbaycanın yanında olsun", - İbrahimov deyib.

İbrahimovun sözlərinə əsasən, memorandum çərçivəsində Gürcüstan diasporu ilə iş üzrə hər iki dövlət qurumları təcrübə mübadiləsi həyata keçirə bilərlər.

"İki ölkə prezidentləri və parlamentləri sıx əməkdaşlıq edirlər. Bu baxımdan, iki dövlət qurumunun əməkdaşlığı müsbət nəticələr verəcək", - İbrahimov vurğulayıb.  

Görüşün sonunda gürcü nazir diasporlarla İbrahimovu Gürcüstana dəvət edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti