...

Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanları türkiyəli həmkarlarını Ermənistanla sərhədlərin açılmasına qarşı çıxmağa çağırıb

Cəmiyyət Materials 7 Aprel 2009 12:43 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanları türkiyəli həmkarlarını Ermənistanla sərhədlərin açılmasına qarşı çıxmağa çağırıb

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanları Türkiyə-Ermənistan sərhədlərinin açılmasını pisləyən müraciət qəbul edib.

Trend -un məlumatına görə, çərşənbə axşamı Mətbuat Şurasında keçirilən toplantıda Azərbaycanın mətbuat orqanlarının rəhbərləri türkiyəli həmkarlarını Ədalət və İnkişaf Partiyasının (AKP) Ermənistanla sərhədlərin açılmasına dair siyasətinə qarşı çıxmağa çağırıb.

Trend -un arayışı: Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Qəbul olunan müraciətdə qeyd edilib ki, Azərbaycan mətbuatı türkiyəli həmkarlarının ədalətin müdafiəsinə qalxacağına, cəsarətinə, yüksək peşəkarlığına, dəyanətinə arxalanaraq, Türkiyənin Ermənistanla sərhədlərinin açılmasının qarşısını alacaqlarına inanır.

Şuranın sədri Əflatun Amaşov bildirib ki, Türkiyə ictimaiyyəti Azərbaycanın torpaqlarını işğal edən Ermənistanla sərhədlərin açılmasına qarşı çıxmalıdır.

"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov çıxışında bildirib ki, Azərbaycanın iqtidar, müxalifət və bitərəf mətbuatı bütövlikdə Türkiyənin Ermənistanla sərhədlərinin açılmasına qarşı çıxan vahid mövqe ortalığa qoyub.

"Son günlər Azərbaycanın bütün nəşrlərinə nəzər yetirsək, mətbuatın Türkiyənin bu siyasətinə qarşı çıxdığının şahidi oluruq", - Sadıqov əlavə edib.

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirib ki, Azərbaycanın siyasi partiyaları, ictimai təşkilatları türkiyəli həmkarların sərhədlərin açılmasına etirazlarını bildirməlidirlər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti