...

Türkiyə-Ermənistan sərhədinin açılma ehtimalı Azərbaycana təəssüf və küskünlük gətirir – bütün Qafqazın şeyxi

Cəmiyyət Materials 9 Aprel 2009 17:18 (UTC +04:00)
Türkiyə-Ermənistan sərhədinin açılma ehtimalı Azərbaycana təəssüf və küskünlük gətirir – bütün Qafqazın şeyxi

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir C.Babayeva /

Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə bildirib ki, Azərbaycan müsəlmanları Türkiyə-Ermənistan sərhədlərinin açılması və iki ölkə arasında diplomatik əlaqələrin bərpa olunacağı barədə söz-söhbətlərin geniş vüsət almasından hədsiz narahatdır.

"16 il bundan əvvəl uydurma "erməni soyqırımı" ilə bağlı Türkiyə əleyhinə əsassız ittihamlarla bağlı və Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına etiraz əlaməti olaraq Türkiyə-Ermənistan sərhədinin qapadılması azərbaycanlılara nə qədər qürur hissi bəxş etmişdisə, sərhədlərin açılma ehtimalı bir o qədər təəssüf və küskünlük gətirir", - Trend -un məlumatına görə, cümə axşamı Qafqaz Müsəlmanları İdarəsinin sədri Paşazadənin Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başkanı professor Əli Bardakoğluna ünvanladığı məktubunda bildirilib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Paşazadə məktubunda Azərbaycan xalqının islam dininin və onun müqəddəs dəyərlərinin tarixən müdafiəçisi olmuş Türkiyəni belə bir addımı atmamağa çağırdığını bildirib. "İnanırıq ki, daima ədalətin, haqqın tərəfdarı olmuş, zaman-zaman təcavüzlərə məruz qalmış Türkiyə qardaş Azərbaycanın 20 faiz torpağını işğal etmiş təcavüzkar Ermənistanla sərhədlərin açılmasına heç vəchlə imkan verməyəcək", - məktubda deyilir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti