...

Heydər Əliyev Fondu təhsil ocağında baş verən hadisə zamanı həlak olanların ailələrinə və xəsarət alanlara yardım ayırıb

Cəmiyyət Materials 4 May 2009 18:03 (UTC +04:00)
Heydər Əliyev Fondu təhsil ocağında baş verən hadisə zamanı həlak olanların ailələrinə və xəsarət alanlara yardım ayırıb

Azərbaycan, Bаkı, 04 may / Trend , müxbir A.Hüseynbala /

Heydər Əliyev Fondu Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciəli hadisə zamanı həlak olanların ailələrinə və xəsarət alanlara yardım ayırıb.

"Faciəli hadisə ilə əlaqədar yardım göstərilməsi məqsədilə həlak olanların ailələrinə 15 min manat, ağır xəsarət alanların hər birinə 5 min manat məbləğində pul vəsaiti ayrılıb", - bazar ertəsi Trend -a Heydər Əliyev Fondunun mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: Aprelin 30-da saat 09.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atəş açıb.

Nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Yaralılardan 3-ü artıq evə buraxılıb.

Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur. Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Mayın 1-də şübhəli şəxs qismində saxlanılan 1984-cü il təvəllüdlü Əliyev Nadir Şirxan oğlu Qədirov Fərda Əsəd oğlunun həmkəndlisidir və onunla yaxın münasibətdə olub.

Məlumatda qeyd edilir ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva qanlı hadisə zamanı doğma insanlarını itirən ailələrin dərdinə şərik çıxaraq onlara başsağlığı verib, bu sarsıntını onlarla birgə yaşadığını qeyd edib, həlak olanlara Tanrıdan rəhmət diləyib. Mehriban Əliyeva xəsarət alan və müxtəlif tibb müəssisələrində müalicə kursu keçən yaralıların səhhəti ilə də maraqlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti