...

Azərbaycan gənclərinin dini maarifləndirilməsi orta məktəbdən başlamalıdır – Gənclər və İdman Nazirliyi

Cəmiyyət Materials 2 İyul 2009 16:58 (UTC +04:00)
Azərbaycan gənclərinin dini maarifləndirilməsi orta məktəbdən başlamalıdır – Gənclər və İdman Nazirliyi

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir C.Babayeva /  

Trend -un Azərbaycanın Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayevlə müsahibəsi

- Azərbaycanda gənclər təşkilatlarının bu il keçiriləcək sərgisi əvvəlki sərgilərdən nə ilə fərqlənəcək?

- Bu il ilk dəfə olaraq gənclər təşkilatlarının sərgisi Bakıda deyil, Gəncə şəhərində açıq havada keçiriləcək. Sərginin paytaxtdan kənarda keçirilməsinin məqsədləri gənclər təşkilatlarının regionlarda fəaliyyətini stimullaşdırmaq, onların regionlara çıxmasını və region gənclərinin ictimai fəaliyyətə cəlb olunmalarını təmin etməkdir. Sirr deyil ki, Azərbaycanın bütün gəncləri ölkədəki gənclər təşkilatları barədə o qədər də məlumatlı deyillər. Nəzərə alsaq ki, gənclər təşkilatları vətəndaş cəmiyyətinin tərkib hissəsidir, o zaman regionda olan gənclər bu təşkilatlarda fəaliyyət göstərərək ideyalarını reallaşdıra bilərlər. Sərginin regionda keçirilməsi bu nöqteyi-nəzərdən çox əhəmiyyətli olacaq. İyulun 8-də keçiriləcək sərgi istədiyimiz nəticəni versə, bunun davamı olaraq bu cür sərgilər Azərbaycanın digər rayon və şəhərlərində də keçiriləcək. Sərgidə regionda fəaliyyət göstərən gənclər təşkilatları və fəaliyyəti regionları əhatə edən təxminən 70-yə yaxın gənclər təşkilatlarının iştirakı nəzərdə tutulur. Sərgidə iştirak edəcək gənclər təşkilatları öz fəaliyyətləri barədə müxtəlif təqdimatlar təqdim edəcəklər, kitab, buklet və broşürlər yayacaqlar. Bundan başqa hər bir gənc sərgiyə gəlib təşkilatlarla birbaşa ünsiyyətdə ola biləcək. Hər bir təşkilat üçün səkkiz kvadratmetr sahə ayrılacaq. İstənilən gənc hər hansı bir təşkilatın fəaliyyətində iştirak edə və ya onun üzvü ola bilər.

- Bəzi gənclər təşkilatları sərgiyə dəvət olunmamalarından narazılıqlarını bildirirlər. Sərgi iştirakçıları necə seçilir?

- Nazirlik sərgiyə heç kəsi dəvət etmir, yalnız sərgi barədə məlumat verir. Təşkilat sərgidə iştirak edib-etməyəcəyi barədə özü maraqlı olmalıdır. Çünki sərgidə iştirak həmin təşkilatın birbaşa reklam və piarına yönəlib. Bundan başqa heç vaxt elə bir tədbir olmur ki, bütün təşkilatlar bir yerə yığışıb fəaliyyətlərini təqdim etsinlər. Sərgidə iştirak etmək gənclər təşkilatları üçün yaxşı imkandır. Təşkilatlar bu imkandan fəal istifadə etməlidirlər. Ola bilsin ki, şikayət edən təşkilatlar olsun. Amma sərgidə iştirak etmək üçün heç bir məhdudiyyət qoymuruq. Yalnız bir məhdudiyyət var ki, sərgidə dövlət qeydiyyatı olan gənclər təşkilatları iştirak edə bilərlər. Dövlət qeydiyyatı olmayan gənclər təşkilatlarının fəaliyyətlərini nümayiş etdirmək düzgün deyil. Həmin təşkilatlar müəyyən tədbirlər keçirsələr də, fəaliyyətlərinin cəmiyyət üçün şəffaf və tam strukturlu olması üçün ilk növbədə dövlət qeydiyyatından keçməlidir. Qeydiyyata alınandan sonra hüquqi şəxs kimi təşkilatın fəaliyyəti cəmiyyət üçün tam açıq olur. Məlum olmayan fəaliyyətlə məşğul olan gənclər təşkilatlarının sərgiyə buraxılmamasından şikayətlənmələri bizim günahımızdan deyil. Nazirlik bütün gənclər təşkilatları ilə əməkdaşlığa hazırdır.

- Dövlət qeydiyyatı ilə bağlı problemlərlə üzləşən gənclər təşkilatlarına nazirlik hər hansı bir köməklik göstərirmi?

- Bu sahədə problemləri olan gənclər təşkilatları nazirliyə müraciət edirlər, amma qanunvericiliyə görə, qeydiyyataalma mexanizmində iştirakımız mümkün deyil. Qeydiyyataalma prosesində nazirlik hər hansı bir təsiredici səlahiyyətə malik deyil. Problemi olan təşkilatlara köməklik göstərməyə çalışsaq da, qanunvericilik buna imkan vermir. Müraciət edən təşkilatlara sənədlərin tərtib olunmasında hüquqi məsləhətlər veririk, təşkilatın vəzifə və məqsədləri düzgün müəyyən edilməyibsə düzəliş edirik. Hətta elə hallar olub ki, müraciət edənlərə təşkilatın yaradılması ilə bağlı tələb olunan sənədləri də təqdim etmişik. Hazırda dövlət qeydiyyatına alınma prosesi sadələşdirilib. Sənədlər düzgün tərtib olunursa, hüquqi cəhətdən problem yoxdursa, qeydiyyataalma prosesində problem yaranmır. Azərbaycanda fəaliyyət göstərən 170-dən çox gənclər təşkilatının 101-i son üç ildə dövlət qeydiyyatına alınıb. Bu da qanunda edilmiş dəyişikliklərlə bağlıdır.

- Ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyəti ən çox hansı sahələri əhatə edir? Gənclərin ən zəif fəaliyyət göstərdikləri sahələr hansılardır?

- Bu gün cəmiyyətdə mövcud problemlərin həlli istiqamətində gənclər təşkilatları iştirak edirlər. Gənclər təşkilatları ekologiya sahəsində çox passivdirlər. Bu sahədə gənclərin maarifləndirilməsi, ekoloji aksiyalar həyata keçirilsə də, çox epizodik xarakter daşıyır. Karyera, məşğulluq məsələləri, vətənpərvərlik tərbiyəsi, qeyri-formal təhsil, elm, təhsil və sahibkarlıq sahəsində gənclər təşkilatları çox fəaldırlar. Beynəlxalq əlaqələri geniş olan gənclər təşkilatları da var. Azərbaycanı 30-dan çox beynəlxalq təşkilatda məhz gənclər təşkilatlarının üzvləri təmsil edir. Güman edirik ki, gələcəkdə ekologiya sahəsində də fəaliyyət göstərəcək gənclər təşklatı yaranacaq.

- Şəhər və regionlarda fəaliyyət göstərən gənclər təşkilatlarının əsas problemləri hansılardır?

- Təşkilatların üzləşdiyi problemlərdən biri daimi ofislərinin olmamasıdır. Nazirliyin onları daimi ofislə təmin etmək imkanı yoxdur. Qanunvericilik də buna imkan vermir. Qeyri-hökumət strukturu olaraq onlar özlərini təmin etməlidirlər. Digər bir problem gənclər təşkilatlarının öz vəzifə və məqsədlərini düzgün müəyyən etməmələridir. Qeydiyyatdan keçən bəzi gənclər təşkilatları müəyyən müddət fəaliyyət göstərəndən sonra fəaliyyətini dayandırırlar. Səbəbini soruşanda bildirirlər ki, fəaliyyət göstərə bilmədik. Onlar təşkilatın idarəedilməsi, məqsəd və vəzifələri barədə kifayət qədər məlumatlı deyillər. Bu problemlərin aradan qaldırılması üçün nazirlik müəyyən təlimlər, seminarlar, treninqlər təşkil edir. Belə tədbirlərin bu il də keçirilməsi nəzərdə tutulur. Yeni yaranan gənclər təşkilatları üçün "Gənclər siyasətinin həyata keçirilməsində gənclərin iştirakı" mövzusunda seminar keçiriləcək. Bu cür tədbirlərdə gənclər təşkilatları idarəolunma, layihələrin hazırlanması, marketinq işinin qurulması barədə məlumatlandırılır. Gənclər təşkilatları yaranarkən üzərilərinə çoxlu vəzifələr götürürlər. Nizamnamələrinə baxanda, həmin təşkilatın Azərbaycanda mövcud olan bütün problemlərin həllini öz üzərinə götürməsi görünür ki, bu da qeyri-mümkündür. Təşkilat yaranarkən vəzifə və məqsədlərini dəqiq müəyyən etməlidir. Nazirlik gənclər təşkilatlarına gənclər siyasətinin həyata keçirilməsi sahəsində əsas ictimai əməkdaş kimi baxır və onlarla eyni səviyyədə əməkdaşlıq edir. Gənclər təşkilatları qeyri-hökumət təşkilatları sektorunun ən fəal bir qrupudur.

- Nazirliyin gənclər təşkilatları üçün elan etdiyi layihə müsabiqələri ilə bağlı hansı yeniliklər var?

- Nazirlik bu il artıq 23 layihə maliyyələşdirib və onlara təxminən 150 min manat vəsait ayrılıb. Hazırda iyulun 12-nə qədər növbəti müsabiqə davam edir və gənclər təşkilatlarının layihələri daxil olmaqdadır. Layihələr ekspert-məsləhət şurası tərəfindən nəzərdən keçiriləndən sonra onların maliyyələşdirilməsinə qərar veriləcək. Onların iyul-avqust aylarında maliyyələşdirilməsi planlaşdırılır. Ötən illərlə müqayisədə gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi üçün vəsait artırılıb. Nazirlik maliyyələşdirilən layihələrlə ölkədə gənclər sahəsində mövcud olan müəyyən boşluqları doldurmağa çalışır. Bu gün etiraf etmək lazımdır ki, gənclərin hüquqi maarifləndirilmə sahəsində, narkomaniya, QİÇS kimi zərəli vərdişlər barədə məlumatları çox aşağı səviyyədədir. Bu sahədə vətəndaş cəmiyyəti fəal olmalıdır. Ümumilikdə, müsabiqə yeddi mövzu üzrə elan olunub ki, onlardan da biri gənclərin sağlam həyat tərzinin təbliği ilə bağlıdır. Vətənpərvərlik bütün müsabiqələrin əsas mövzusu olur. Digər mövzular isə gənclərin məşğulluq və gənc sahibkarlığın təşviqi, qeyri-formal tədris proqramlarının hazırlanması, beynəlxalq əməkdaşlıq və mübadilənin günişləndirilməsi, gənclərin intellektual inkişafı və yaradıcı gənclərlə iş ilə bağlıdır. Bu il ərzində təxminən 50-yə yaxın layihənin maliyyələşdirilməsi nəzərdə tutulub. Gənclər təşkilatları müsabiqəyə nə qədər çox maraq göstərsələr, nazirlik də bir oqədər onların fəaliyyətlərini stimullaşdırmaq üçün öz dəstəyini göstərəcək.

- Layihələrin maliyyələşdirilməsində əsas meyarlar hansılardır və həmin layihələrin effektivliyi necə olur?

- Təbii ki, maliyyələşdirmədə əsasən layihənin davamlılığı nəzərə alınır. Maliyyələşdirmədə layihənin təşkilatın idarəetmə strukturuna təsiri və təşkilatın daha da möhkəmlənməsinə təsiri əsas meyarlardan biridir. Layihə dəqiqliklə yazılmalı, onun davamlılığı göstərilməlidir. Müvəqqəti xarakter daşıyan layihəni maliyyələşdirilməyə dəyməz. Təbii ki, müəyyən aksiya və tədbirlər epizodik xarakter daşıya bilər. Amma ümumlikdə layihənin davamlılığı, onun hədəfə çatmasına nail olması əsasdır. Nazirlik ilin sonunda maliyyələşdirilən layihələrin icrası ilə bağlı hesabat hazırlayıb cəmiyyətə təqdim etmək fikrindədir. Hesabatın hazırlanması zamanı statistik rəqəmlər, problemlər və yeni ideyalar ortaya çıxa bilər.

-Gənclərin zərərli dini təriqətlərə meyl göstərməsinin qarşını almaq üçün nazirlik hansı istiqamətdə işlər aparır?

-Nazirlik din adı altında pərdələnən təşkilatların gənclərə təsir edərək onları cəmiyyət üçün təhlükəli bir qrupa çevirməsini istəmir. Son dövrlərdə müxtəlif dövlət qurumları tərəfindən aparılan işlər, zərərli dini etiqadlar təbliğ edən bir qrup insanın zərəsizləşdirilməsi bu sahədə bir balaca rahatçılıq yaradıb. Nazirlik gənclər təşkilatları vasitəsilə bu istiqamətdə işlər aparır. Amma bu yalnız nazirliyin işi deyil. Cəmiyyətin bu cür problemlərlə üzləşməməsi üçün orta məktəblərdə dinlə bağlı tədris aparılmalıdır. Gənclərə dinlə bağlı düzgün məlumatlar çatdırılmasa, təbii ki, bəzi gənclər müxtəlif mənbələrdən məlumat alaraq müxtəlif düşüncələrə malik olacaq. Nəticədə isə cəmiyyətdə müəyyən narahatçılıqlar meydana çıxacaq. Düşünürük ki, orta məktəblərdə hər hansı bir proqram əsasında din və ya tolerantlıq tədris olunmalıdır. Sonradan gənclik dövrünə çatandan sonra biz onlarla bu istiqamətdə iş qura bilərik. Dünyaya açılan bir dövlətdə təbii ki, müxtəlif dini təriqətlər mövcud olacaq, müxtəlif dövlətlər din pərdəsi altında öz maraqlarını təbliğ etməyə, dini fanatiklər yetişdirməyə çalışacaqlar. Bu günə qədər onlar bu məqsədlərinə çatmayıblar və çata bilməyəcəklər, çünki Azərbaycan gəncləri öz Vətənini sevir və ona bağlıdır.

-Xaricdə təhsil alan azərbaycanlı gənclərin Vətənə qayıdıb işlə təmin olunması istiqamətində nazirliyin təklifləri nədən ibarət ola bilər?

- Azərbaycana savadlı və dünyagörüşlü gənc mütəxəssislər lazımdır ki, ölkənin idarəedilməsində iştirak edib dövlətin növbəti inkişaf mərhələsini təmin etsinlər. Vaxtilə xaricdə təhsil alan gənclərin hazırda Azərbaycanı idarə edən şəxslər olduğunu nəzərə alsaq, bu proses davam etməlidir. Xaricdə qalıb yaşayan gənclərə görə təəssüflənmək düzgün deyil. Çox zaman diaspor və lobbiçiliyimizin güclü olmamasından gileylənirik. Xaricdə qalıb yaşayan həmin gənclər diasporun formalaşdırılmasında istifadə olunmalıdır. Azərbaycanda işlə təmin olunmasına gəlincə, dövlət xətti ilə xaricdə təhsil almış gənclər dövlət qulluğuna keçirilən imtahanların birinci mərhələsindən azad olacaqlar və onlar birbaşa müsahibə mərhələsinə buraxılacaqlar.

Nazirlik xarici dövlətlərdə təhsil alan gənclərin Vətəndə işlə təmin olunması istiqamətində müəyyən təkiliflər irəli sürəcək. Gənclərin məşğulluğu sahəsində nazirlik tərəfindən böyük işlər aparılır. Nazirlik gənclərin məşğulluğu ilə bağlı MDB məkanında ilk dəfə olaraq Milli fəaliyyət planı hazırlayıb. Plan müvafiq strukturlarla razılaşdırılandan sonra təsdiq üçün ölkə rəhbərliyinə təqdim olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti