Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir T.Cəfərov/
Trend-in Fars redaksiyasının İran İslam Respublikasının Məzhəblərarası Yaxınlaşma Komitəsinin rəhbəri ayətullah Məhəmməd Əli Təsxiri ilə müsahibəsi
- Siz İranda dini dözümlülük (tolerantlıq) vəziyyətini və digər din mənsublarının azadlığını necə qiymətləndirirsiniz?
- İran İslam Respublikası Quran və Sünnətə uygun şəkildə idarə olunur. Quran və Sünnət isə insanlarda tolerantlıq və dözümlüyü daha da gücləndirir. Biz İran İslam İnqilabından sonra elan etdik ki, dialoq aparmağa hazırıq və haqqın tərəfdarıyıq. Dialoq yolunu seçdik və mədəniyyətlərarası dialoq, dinlərarası dialoq, məzhəblərarası dialoqları başladıq. Fikrimcə, İranda tolerantlıq və dözümlülük yaxşı səviyyədədir. Fikirlər azad şəkildə bəyan olunur, əlbəttə ki, fikirlərin azad şəkildə söylənilməsi ictimaiyyətə ziyan vurmamalıdır. Bəzilərinin azad çıxışları digərlərinin təhqir olunmasına yönəlməməlidir, bəlkə də azadlıq əxlaqi çərçivə daxilində olmalıdır. İranda yüzlərlə jurnal və qəzet dərc olunur və hər biri əxlaq çərçivəsində öz fikirlərini və ideyalarını yayımlayırlar. Dini azadlığa gəldikdə isə deməliyəm ki, İranda dini azlıqların azadlığı konstitusiyada göstərilib. İranda yəhudilər, kəlimilər, məsihilər və digər dini azlıqlar azad şəkildə öz ibadətlərini edirlər, onların jurnal və qəzetləri, məktəbləri var. Onların İran Parlamentində nümayəndələri də var və özlərinə aid problemlərini və digər məsələləri parlamentdə müzakirəyə çıxara bilirlər. Şükürlər olsun ki, ölkədə bu dinlərlə münasibətlər də çox yaxşı səviyyədədir.
- Dinlərarası dialoq xalqlar arasında sülhün təmin olunmasına təsir göstərə bilərmi?
- İlk növbədə, bildirməliyəm ki, hər hansı bir ərazinin işğal olunması zülm və başqalarının hüquqlarını pozmaq deməkdir və Quran, Sünnət, həmçinin ağıl bu məsələni tənqid edir. Başqalarının hüquqları rəsmi şəkildə tanınmalıdır və hər hansı bir ərazi işğal edilibsə, demək ki, zülm olunub. Biz əgər sağlam dialoq aparmaq istəyiriksə, gərək insanların müştərək dəyərləri üzərində danışıqlar aparaq və həmin müştərək dəyərlərdən biri də zülm və insan haqlarının pozulmaması uğrunda mübarizədir. İşğal isə özündə bunları birləşdirir. Görürük ki, Quran və İncildə yoxsullara, kasıb və kimsəsizlərə kömək etmək və zalimlərlə mübarizə buyurulub. Deməli, öz dinlərimizə sadiq qalmaq istəyiriksə, birlikdə işğal və zülmə qarşı fəaliyyət göstərməliyik.
- Məzhəblər arasında ixtilaflar olduğu bir halda, dinlərarası dialoqun keçirilməsini necə dəyərləndirirsiniz?
- Əgər nəzəri baxımdan bu məsələyə yanaşsaq, İslam dini məntiq (ağıl) və danışıq dinidir. Quranda məntiqli dialoq üçün dəqiq nəzəriyyə verilib. İslam qardaşlıq və vəhdət dinidir. Quran parçalanmanı küfr və kafirliklə bərabər hesab edir və ya parçalanmanın əzaba səbəb olacağını bəyan edir. Deməli parçalanma olarsa, əzab da olacaq. Quran və Sünnət parçalanmanı qəbul etmir. Yəni müsəlman xalqları dəvət olunublar ki, vahid bir xalq olsunlar. Bu vəhdət bir çox zamanlar İslam ümmətinin arasında olub. O zaman ki, məzhəblər hamının kafir, özlərinin haqq olduğunu iddia etmirdi, məzhəblər arasında ixtilaf da o qədər deyildi. Yəni məzhəblər arasında ifratçılıq yarandı və təəsüflər olsun ki, bu ifratçılıq bir çox müharibələrə səbəb oldu. Fikrimcə, hər birimiz əl-ələ verib bu təbii olmayan ifratçılğa qarşı mübarizə aparmalıyıq və elə bunun üçün də məzhəblərarası yaxınlaşma dialoquna başlamışıq. Biz demirik ki, məzhəblərarası yaxınlaşmada hamı bir cür fikir sahibi olmalıdır. Hamının eyni cür fikirləşib, eyni cür nəticə əldə etməsini demək də olmaz. Lakin məzhəblərarası yaxınlaşmada, biz deyirik ki, ixtilaflara baxmayaraq, müştərək sahələr üzərində birləşməliyik. İslami məzhəblər arasında əqidə və əməldə müştərək sahələr təqribən 90 faiz təşkil edir. Biz diqqətimizi müştərək sahələrə yönəltməliyik, ixtilaf olan sahələrə deyil. Təəssüflər olsun ki, ifratçılıq məzhəblər arasında problemə çevrilib. Bu gün biz həm şiə, həm də sünnilərin arasında ifratçı qruplara rast gəlirik. Onların bu hərəkətləri İslam qayda və qanunlarına ziddir və ifratçılıqdır. Problemlər yaradan məzhəb fərqliliyi deyil, ifratçılıqdır. İfratçılar maarifləndirilməlidirlər. Biz insanların sünni, şiə, sələfi olmasında problem görmürük, bizi narahat edən onların ifratçı olmalarıdır.