...

Azərbaycanda seksual xarakterli cinayətlərlə bağlı cəza sərtləşdirilməlidir - ekspertlər

Cəmiyyət Materials 8 Sentyabr 2010 12:14 (UTC +04:00)
Azərbaycanda seksual xarakterli cinayətləri törədən şəxslərin cəzalarını sərtləşdirməyə ehtiyac var
Azərbaycanda seksual xarakterli cinayətlərlə bağlı cəza sərtləşdirilməlidir - ekspertlər

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir H.Bağırov/

Son dövrlərdə ölkədə baş verən cinayətlər arasında seksual zorakılıqla bağlı cinayətlərin sayı artıb. Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı əleyhinə olan cinayətlərin artımı cəmiyyətdə narahatlıq yaradır.

Təəssüflər olsun, bu cinayətin qurbanları sırasında qadınlarla yanaşı, azyaşlı qızlar və oğlanlar da var. Cəzanın tətbiqinə tərəfdar olanlar hesab edir ki, axtalanma cəzası tətbiq edilərsə, bu qəbildən olan cinayətlərin sayı azalar.

Azərbaycan Cinayət Məcəlləsində şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı əleyhinə olan cinayətlər sırasında 5 növ cinayət yer alır və həmin cinayətlərə görə, 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onu da qeyd edək ki, cəzanın məqsədi şəxsin islah edilməsi, tərbiyələndirilməsidir. Cəza insan ləyaqətini, şəxsiyyətini alçaltmamalıdır. Bu yöndən yanaşdıqda, o zaman cinayət məsuliyyətinin prinsipləri də dəyişdirilməlidir.

Bu ilin yanvar-avqust ayları ərzində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə 32 zorlama faktı üzrə cinayət işi daxil olub.

Nəzərə çarpan faktlardan biri də seksual xarakterli zorakılığın azyaşlı oğlan uşaqlarına qarşı edilməsidir. Bu kateqoriyalı cinayətlərlə məhkəməyə daxil olan işlərdən əlavə, istintaqı hələ davam etdirilən zorlama faktları da var. İstintaqı hələ də davam etdirilən butipli cinayət işlərinin sayı da həddindən çoxdur.

Əslində, bu da məlumdur ki, Azərbaycanda seksual zorakılıq hadisələrinin bəziləri açılmamış qalır, ört-basdır edilir. Burada mentalitet məsələsi ciddi rol oynayır. Bu tip cinayətin qurbanları, onların yaxınları, ailə üzvləri belə halların açılmamasına, başqaları tərəfindən bilinməməsinə çalışırlar. Əgər cinayəti törədən ailə içindən biridirsə, onda başqalarının yanında biabır olmamaq üçün məsələni gizlətməyə daha çox çalışırlar.

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, hüquq müdafiəçisi İradə Cavadova çərşənbə axşamı Trend-ə açıqlamasında bildirib ki, baş verən zorlama cinayətləri həssas haldır. Onun sözlərinə görə, praktikada da çox zaman zorlama cinayətlərinin baş verməsində şübhəli məqamlar ortaya çıxır. Onun bildirdiyinə görə, belə cinayətlərin qarşısını almaq üçün ciddi araşdırmalar aparılmasına ehtiyac yaranır.

Hüquq müdafiəçisi qeyd edib ki, zorlama cinayətləri, əsasən, azyaşlılara qarşı törədilir. Onun sözlərinə görə, azyaşlıların zorlanması və sonradan öldürülməsi hallarına da rast gəlmək mümkündür.

"Azərbaycan qanunvericiliyində belə cinayət törədən şəxsləri ən çox halda 15 il cəza gözləyir. Bizim qanunvericilikdə bu həddən artıq cəza təyin edilmir. Məhkəmə bu tip cinayət işlərini törədən şəxslərə çox zaman 15 il cəza vermir. Burada cinayəti törədən şəxsə qarşı yüngülləşdirici hallar nəzərə alınır. Onun birinci məhkumluğu və digər məqamlar yüngülləşdirici hallar kimi nəzərə alınır. Təklif etmək olar ki, zorlama cinayətini törədən şəxslərə qarşı yüngülləşdirici hallar tətbiq edilməsin. Bu maddə ilə cinayət törədən şəxslər barəsində yüngülləşdirici hallar məhkəmə tərəfindən nəzərə alınmadığı halda, cəzanı sərtləşdirmək olar", - deyə Cavadova bildirib.

Hüquq müdafiəçisi bildirib ki, zorlama cinayətləri ən çox oğlanlara qarşı törədilir. Onun sözlərinə görə, oğlanlar da məktəb illərində zorlama cinayətlərinə məruz qalırlar. Cavadova şəxsiyyət əleyhinə cinayətlərin törədilməsinin qarşısının alınması üçün təhsil ocaqlarının da üzərinə böyük yük düşdüyünü bildirib.

"Bununla bağlı məktəblərdə maarifləndirmə işlərinin aparılması lazımdır. Məktəblərdə psixoloqlar olmalı və onlar da məktəblilərə bu sahədə dərslər keçməlidirlər", - deyə Cavadova vurğulayıb.

Cavadovanın sözlərinə görə, zorlama cinayətlərinə məruz qalan şəxslərin müraciət etmələri üçün yerlər müəyyən olunmalıdır.

"Bəzi hallarda zorlama cinayətlərinə məruz qalan yeniyetmələr hara müraciət etmələrini belə bilmirlər. Bunun üçün xüsusi təşkilatlar yaradılmalı və belə cinayətə məruz qalanlar həmin təşkilatlara müraciət edib, oradan məsləhətlər almalıdırlar", - hüquq müdafiəçisi deyib.

Səhiyyə Nazirliyinin baş psixiatrı Gəray Gəraybəyli isə Trend-ə açıqlamasında bildirib ki, seksual xarakterli törədilən cinayətlər ayrıca qrup halında cinayətlər hesab olunur. Onun sözlərinə görə, seksual davranışla bağlı cinayətə seksual cinayət deylir.

"Burada xüsusi yer zorlama cinayətinə verilir. Yəni, əks-tərəfin cinsi əlaqəyə girməsi zorlama cinayəti kimi qələmə verilir. Zorlama tərəflərdən birinin istəyi olmadan baş verdikdə, cinayət hesab edilir", - deyə baş psixoloq bildirib.

Gəraybəyli bildirib ki, zorlama seksual xarakterli cinayətləri şəxsiyyət sferasında problemli olan insanlar törədirlər.

Gəraybəyli qeyd edib ki, zorlama seksual cinayətlərin arasında ən geniş yayılıb. O bildirib ki, çox zaman zorlama cinayətini törədən insan güclü bir şəxs kimi ictimayyətdə rəy yaradıb.
Baş psixoloq bunun əksinə olduğunu və zorlama cinayəti törədən şəxslərin cılız adamlar olduqlarını bildirib.

"Psixoloji tədqiqatlar göstərir ki, əslində, zorlama seksual xarakterli cinayətləri şəxsiyyət sferasında problemli olan insanlar törədirlər. Birincisi, seksual zorlamanı törədənlər arasında çox böyük bir hissə xasiyyətcə passiv, kompleksli, uşaqlıqda ya ana, ya nənə, bacı, sonradan - ailə qurduqdan sonra həyat yoldaşı tərəfindən asılı insanlardır. İradəsi olmayan kişilər qadınlar tərəfindən idarə olunurlar. Bunlar daimi psixodinamik faktdır. Bunların psixologiyasında daimi kompleks yaranır və həmişə bu kompleksdən çıxmaq istəyirlər. Həmin şəxslər uzun illər qadınlara qarşı aqressiv olurlar. Məsələn, belə insanlar ailə həyatında həyat yoldaşından daimi asılı olurlar. Adi vəziyyətdə ozünü göstərmək, sözünü demək belə cinayətləri törədən şəxslərin xasiyyətlərində yoxdur. Bunlar belə iradəyə qadir olmurlar.  Qarşısındakının iradlarını həmişə udurlar. Burada vaxtilə toplanmış daxili aqressiya ayıq vəziyyətdə qadına qarşı cinayət törətməyə imkan vermir. İçkili və ya narkotikin təsiri altında zorlama aktı keçirir və bununla sanki "kişilik" qiymətini öz gözündə qaldırır.

İkinci zorlama hərəkəti törədən insanlar çox vaxt seksual sferada problemli insanlardır. Bunlar potensiyanın enməsindən əziyyət çəkən şəxslərdir - o adamlar ki həyatlarında seksual sahədə problemlər var. Qadınla normal əlaqəyə daxil olduqda öz qeyri-normallığını hiss edənlər normal qadınlardan çəkinirlər; normal qadınla əlaqəyə girməkdən utanırlar ki, impotent olduğunu hiss edəcəklər. Və yaxud həmin insanların arasında elələri var ki, ailə həyatı yaşayır, öz zəifliyini büruzə verir, həyat yoldaşı bir qədər zəif olduğunu hiss edir və daim onun üzünə vurur. Belə insanlar zorlama aktı törətməklə öz "kişilik"lərini təsdiq edirlər", - Gəraybəyli bildirib.

Baş psixoloq uşaqlara qarşı da zorlama cinayətlərinin törədildiyini də bildirib. Onun sözlərinə görə, uşaqlara qarşı zorlama aktı törədən insanlar arasında seksual sferada problemi olan insanların faizi daha çoxdur.

"Ona görə ki, uşaq seksual həyat üçün formalaşmış obyekt deyil. Uşağın başı seksdən çıxmır. Belə olan halda, partnyoru onun zəif və yaxud güclü olduğunu seçə bilməz. Yəni, belə insanların qarşısında başıaşağı olurlar. O, elə partnyor axtarır ki, zəifliyini seçə bilməsin. Belə insanlar seks üçün ya uşaq, ya da meyit seçirlər. Belə cinayətlər nadir hallarda qeydə alınsa  da, ən qəddarı hesab edilir", - Gəraybəyli deyib.

Gəraybəyli zorlama cinayətləri baş verən zaman qətl hadisələrinin törədildiyini belə izah edir: "Ailədə kişi seks zamanı qadınla normal ola bilmir. Bu zaman da həmin kişi qadının təsiri altına düşür və onlar arasında mübahisə baş verir. Nəticədə, bu, ağır cinayətin törədilməsinə səbəb olur. Seksual cinayətlərin baş verməsində birinci alkoqol, içki rol oynayır. İçkili olanda insan daha cəsur olur. Həmin adam qarşısında olan qadını bıçaqlayaraq öldürür və sonra da meyitlə cinsi əlaqəyə girir. Kriminalist və hüquqşünas buna ayrı qiymət verə bilər, psixoloji noqteyi-nəzərdən bunun səbəbləri ondan ibarətdir ki, o artıq öldürəndən sonra, meyit ilə əlaqəyə girmək nə deməkdir? Burada həmin şəxs fikirləşir ki, "kişilik" anlayışını nümayış etdirir".

Zorlama cinayətlərinin qarşısının alınması ilə bağlı cəzaların sərtləşdirilməsinə gəldikdə, baş psixoloq bildirir ki, cəzasızlıq cinayətlərin artmasına səbəb olur və ağır cəzalar təyin olunmaqla bu cinayətin azalmasına gətirər. Ekspert cəzanın ağırlaşdırılmasını yeganə çıxış yolu hesab etmir.

"Burada maarifləndirmə işlərini gücləndirmək lazımdır. Məktəbdən başlayaraq, qadın-kişi normal əlaqələrinin tədrisinə ehtiyac var", - deyə Gəraybəyli bildirib.

Xəbər lenti

Xəbər lenti