...

Azərbaycan milli mətbuatı zəngin ənənələr və tarixə malikdir – Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 10 Noyabr 2010 14:32 (UTC +04:00)

RED. əlav.: Prezident Administrasiyasının şöbə müdiri və Mətbuat Şurasının sədrinin sözləri əlavə olunub

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir М.Əliyev/

Azərbaycan milli mətbuatı zəngin ənənələr və tarixə malikdir, ölkənin müstəqilliyi dövründə mətbuatımız çətin yollar keçib. Bu barədə çərşənbə günü Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov azərbaycanlı jurnalistlərin təltifi mərasimində deyib.

Azərbaycan Prezidenti İlham Əliyev 22 iyul - milli mətbuat günündə KİV nümayəndələrinin bir qrupuna Azərbaycan milli mətbuatının inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" adının verilməsi, həmçinin, bir qrup şəxslərin "Tərəqqi" medal ilə təltif olunması barədə sərəncam imzalayıb.

Əli Həsənovun sözlərinə görə, hazırda milli mətbuatın maddi-texniki bazası gücləndirilir. O, qeyd edib ki, Azərbaycan hökuməti KİV-in inkişafı və maddi-texniki media bazasının gücləndirilməsinə xüsusi diqqət yetirir.

"Azərbaycanda hər bir jurnalist hansı qrupun maraqlarını qorumasından asılı olmayaraq dövlətin qayğısı altındadır", - Həsənov deyib.

"1991-ci ilin əvvəllərindən milli mətbuat uzun və ağır inkişaf yolu keçib. Bu gün Azərbaycanda peşəkar jurnalistika yaradılıb və ölkə mətbuatı Azərbaycanı dünya mətbuat məkanında layiqli təmsil edə bilər. Azərbaycan hökumətinin media sahəsində siyasətinin üç əsas prinsipi var - mətbuatın inkişafı üzrə qanunvericilik bazasının yaradılması; KİV orqanlarının təsisatı və inkişafı üçün maddi bazanın təminatı; jurnalist etikasının təkmilləşdirilməsi", - Prezident Administrasiyasının şöbə müdiri bildirib.

Əli Həsənovun sözlərinə görə, jurnalistika ictimai rəyin formalaşmasında mühüm rol oynayan ən məsuliyyətli sahədir. "Ümumilli lider Heydər Əliyev tərəfindən təsis edilmiş milli mətbuatın inkişaf konsepsiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir", - o, deyib.

"Müasir dünya şərtlərində azad medianın ictimaiyyətlə münasibətlərini, müasir jurnalistika, onun mənəvi kodeksini nizamlayan milli qanunvericilik xüsusi əhəmiyyət kəsb edir. Bu məzmunda KİV-in yaradılması üzrə qanunvericiliyin təkmilləşdirilməsi və maddi-texniki bazanın gücləndirilməsi də vacibdir," - şöbə müdiri belə hesab edir.

Həsənov KİV-in inkişafında vacib amillərdən biri kimi, mətbuatın ictimaiyyətlə münasibətlərini nizamlayan jurnalistika etikasını qeyd edib. "Jurnalistika ictimaiyyət və vətəndaş rəyinin formalaşmasına səbəb olan məsuliyyətli fəaliyyət sahəsidir və bunun üçün hər bir jurnalistdən yüksək peşəkarlıq, yüksək mənəvi dəyərlər tələb olunur", - Həsənov deyib.

Azərbaycanın hazırkı inkişaf səviyyəsi jurnalistlərin qarşısında öz işinə böyük məsuliyyətlə yanaşmaq tapşırığını qoyur. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, Azərbaycanda son beş il ərzində 300-dən çox jurnalist fəxri ad alıb. Dövlət Azərbaycanda KİV-in inkişafına xüsusi diqqət göstərir. Mətbuat Şurasının rəhbəri 100 jurnalist üçün yaşayış binalarının tikintisinə beş milyon manatın ayrıldığını xüsusi qeyd edib.

Xəbər lenti

Xəbər lenti