...

Turqut Ərin Azərbaycan haqqında yazdığı kitab sifariş xarakterlidir - deputat

Cəmiyyət Materials 30 Noyabr 2010 12:10 (UTC +04:00)
Azərbaycanın millət vəkili Aydın Mirzəzadə Turqut Ərin Azərbaycan haqqında yazdığı kitabı sifarişlə görülmüş iş hesab edir.
Turqut Ərin Azərbaycan haqqında yazdığı kitab sifariş xarakterlidir - deputat

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın millət vəkili Aydın Mirzəzadə Turqut Ərin Azərbaycan haqqında yazdığı kitabı sifarişlə görülmüş iş hesab edir.

"Bunu bir nəfərin təşəbbüsü, fəaliyyəti kimi qəbul etməkdə çətinlik çəkirəm. Məsələ burasındadır ki, kitabın yazılması, vaxtın, enerjinin sərf edilməsi, kitabın çap edilməsi, Azərbaycan mətbuatına çıxarılması, bütün bunlar hamısı vaxt və böyük vəsait tələb edir. Görünür kimsə, Turqut Ərin arxasında duran dairələr bu işdə maraqlıdırlar", - çərşənbə axşamı Trend-ə Mirzəzadə bildirib.

Azərbaycanda çalışmış türkiyəli diplomat Turqut Ərin müəllifi olduğu "Azadlıqdan tiranlığa" adlı kitabdakı əsassız fikirlər "Azadlıq" qəzetində çap olunub.

"Belə çirkin işi yerinə yetirə biləcək şəxs tapırlar, ona müəyyən tapşırıqlar verirlər və nəticəni gözləyirlər. İstənilən halda, kitabla tanışlıqda qərəzli məqsədlə yazıldığı, Azərbaycanda stabilliyi pozmaq, Azərbaycanın ictimai fikrini manipulyasiya etmək məqsədi daşıdığı görünür" - Mirzəzadə əlavə edib.

Millət vəkilinin sözlərinə görə, kitabın yazılmasında qarşıya qoyulan məqsədlərlə bu gün Ermənistanın və xaricdəki millətçi erməni dairələrinin məqsədləri yüz faiz üst-üstə düşür. Mirzəzadə bildirib ki, dünyasını dəyişmiş şəxslər haqqında uydurma fikirlər yazmaq və onların adına çıxmağa çalışmaq alçaqlıqdır.

Millət vəkili hesab edir ki, Turqut Ər Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat katibi işlədiyi dövrdə Azərbaycanda mətbuatdan başqa hər işlə məşğul olub.

"Yəqin ki, tapşırıqlarını yerinə yetirə bilmədiyinə görə, Azərbaycana qarşı bu cür əsəbi kitab yazır. Azərbaycana qarşı belə cəhdlər olub, gələcəkdə də olacaq. Bu cür hərəkətlər Azərbaycanda heç bir ictimai fikir formalaşdıra bilməz. Bu cür yanaşmanı, bu cür yaramazlığı Azərbaycan xalqı qəbul edə bilməz", - Mirzəzadə vurğulayıb.

Millət vəkili onu da qeyd edib ki, həmin kitab "Azadlıq" qəzetində çap edilsə də, ictimaiyyətdə heç bir əks-səda doğurmayıb, qəzetin tirajını da artırmayıb. Bu çirkin kampaniyaya xərclənən pullar sadəcə olaraq batıb.

Xəbər lenti

Xəbər lenti