Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir S.Ağayeva/
Kaliforniyada Azərbaycan muğam ustalarının konserti böyük uğurla keçir.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun və "Azerbaijan İnternational" jurnalının dəstəyilə təşkil olunan Azərbaycan musiqisi konsertləri San-Dieqo və Los-Ancelesdəki zallarda keçib. Bu barədə baş konsulluğun məlumatında deyilir.
Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kəriminin rəhbərliyi altında məşhur musiqiçilər Azərbaycanın zəngin musiqi ənənələrini nümayiş etdirən xüsusi proqramla çıxış ediblər. Mədəniyyət ustaları qrupuna xalq artistləri Aygün Bayramova və Mənsum İbrahimov, eləcə də, əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov və Kamran Kərimov daxildirlər.
Amerikalı tamaşaçılar Aygün Bayramova və Mənsum İbrahimovun ifasında "Qarabağ şikəstəsi" və "Sarı gəlin"i ayaq üstə, gur alqışlarla qarşılayıblar. Siyavuş Kəriminin royalda virtuoz ifası, Elnur Əhmədovun kamançada, Elçin Həşimovun tarda və Kamran Kərimovun nağarada ifaları çoxsaylı dinləyicilərdə böyük təəssürat yaradıb.
San-Dieqoda konsert Bakının Nəsimi rayonu ilə qardaşlıq münasibətlərinin yaradılmasının təşəbbüs qrupunun üzvü Martin Kruminqin köməyi ilə keçirilib. Azərbaycanlı musiqiçilərin növbəti konsertinin dekabrın 23-də San-Fransiskoda keçirilməsi planlaşdırılıb.