...

Azərbaycanın müxalif partiyasının sədri həbsdən azad edilmədi

Cəmiyyət Materials 17 Yanvar 2011 16:44 (UTC +04:00)
Bakı Apelyasiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, bu gün hakim Vaqif Mursaqulovun sədrliyi ilə Pənahlının Nəsimi rayon məhkəməsinin yanvarın 10-da çıxardığı qərarın ləğv olunması ilə bağlı şikayətinə baxılıb.
Azərbaycanın müxalif partiyasının sədri həbsdən azad edilmədi

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı barəsindəki həbs qətimkan tədbiri ləğv olunmadı.

Bakı Apelyasiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, bu gün hakim Vaqif Mursaqulovun sədrliyi ilə Pənahlının Nəsimi rayon məhkəməsinin yanvarın 10-da çıxardığı qərarın ləğv olunması ilə bağlı şikayətinə baxılıb.

Məhkəmənin qərarı ilə apelyasiya şikayəti təmin olunmayıb və həbs qətimkan tədbiri barədə qərar qüvvədə saxlanılıb.

Yanvarın 7-də, gecə 21:20 radələrində Bakı şəhər sakini Eldəniz Rzayev mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edərək Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində Nemət Pənahlı və Ceyhun Fərzullayev tərəfindən hədələndiyi, o cümlədən döyüldüyü barədə məlumat verib.

Onun məlumatı əsasında Pənahlı və Fərzullayev saxlanılıb.

Saxlanılanlar barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Onlar barəsində Nəsimi rayon məhkəməsi tərəfindən yanvarın 10-da 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, insident maşın alqı-satqısı ilə bağlı yaranan mübahisə zamanı baş verib.

Döyülən şəxs Pənahlıdan maşın alıb. Hadisə baş verən gün Mirəli Qaşqay küçəsində həmin maşında texniki nasazlıq yaranıb. Rzayev Pənahlıya zəng edərək avtomobilin xarab olduğunu bildirib. Bundan sonra Pənahlı Rzayevlə görüşüb və aralarında yaranan mübahisə zamanı Pənahlı onu dəmir parçası ilə döyüb.

Nazirlik Pənahlının həbsinin Azərbaycan İslam Partiyasının sədrinin həbsi ilə əlaqəli olması barədə bəzi KİV-lərdə yayılan məlumatları təkzib edir.

Xəbər lenti

Xəbər lenti